"Paşinyan çıxışları ilə ermənilərə sülhsüz dövlətçiliyin mümkün olmadığını mesaj kimi çatdırır" - ŞƏRH
Son vaxtlar çıxışları ilə gündəmdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın nitqində Azərbaycan və Türkiyə ilə münasibətlərini daha da yumşaltmağa çalışdığı müşahidə olunur. Xüsusilə seçki kampaniyası dövründə bu cür çıxışların daha da sayı artır. Onlardan biri də cəmiyyətimizdə “nəhayət, ermənilər Qarabağın onlara aid olmadığını etiraf etdi” fikrini yaradan Paşinyanın “Qarabağ bizim deyildi” ifadəsi oldu.
Dünən də baş nazir seçkiqabağı çıxışında ətrafında türklərin çox olduğunu, Ermənistanın isə cəmi 3 milyon əhalisinin olduğunu etiraf edib:
“Qərbimizdə Türkiyədə 90 milyon, Azərbaycanda 10 milyon, cənubumuzda isə İranda 35 milyon türk yaşayır. Ermənistanın isə cəmi 3 milyon əhalisi var”, – deyə o bildirib.
Paşinyan qeyd edib ki, erməni cəmiyyəti xəyal dünyasından çıxaraq regional reallıqları qəbul etməlidir.
Onun bu çıxışlarının məhz seçkilərə yaxın dövrdə daha da artması suallar yaradır. Məlumdur ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək və namizədlər arasında Paşinyan da var.
Bəs Paşinyan bu çıxışları ilə nə kimi mesajlar ötürmək istəyir?
Bununla bağlı Patrul.az-a açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Paşinyan İkinci Qarabağ müharibəsindən sonra cəmiyyətinə anlatmağa çalışır ki, Ermənistanın əsas çıxış yolu qonşu xalqlarla sülh şəraitində yaşamaqdır:
“Paşinyan seçki təbliğatını praqmatik şəkildə qurub. Əslində seçkiöncəsi çıxışları onun düzgün yolda olduğunu göstərir. O, Ermənistan cəmiyyətinə daha çox sülh mesajları verir. O, İkinci Qarabağ müharibəsindən sonra ötən müddətdə Ermənistan cəmiyyətini sülhün nə qədər vacib olduğuna müəyyən qədər inandıra bilib.
Paşinyan məhz ölkəsində özünə daha möhkəm və güclü sülh platforması formalaşdırmağa çalışır. Getdikcə də onun bu siyasəti nəticə verir. Belə ki, ermənilər revanşist qüvvələrin təsirindən daha çox Paşinyanın sülh platformasına meyil göstərməyə başlayırlar. Çünki bu platforma insanlara daha yaxşı yaşayış və gələcək vəd edir.
Baş nazir əslində sülh gündəmi üzərindən reallıqları cəmiyyətə təlqin edir. Onun erməni cəmiyyətinə aşılamaq istədiyi fikir budur ki, dövlətçiliyi qurmaq və milləti inkişaf etdirmək yalnız sülh şəraitində mümkündür. Paşinyanın erməni cəmiyyətinə əsas mesajı budur: qonşularla sülh şəraitində yaşamadan İrəvan hakimiyyəti nə dövlətçiliyini qura, nə də inkişaf etdirə bilər”.

Həmsöhbətimizin sözlərinə görə, Baş nazir bu çıxışları ilə xalqını təxribat xarakterli ideologiyalardan çəkindirməyə çalışır:
“Baş nazirin erməni xalqına ikinci mesajı “”virtual Ermənistan” adlandırılan, tarixi baxımdan zərərli və dağıdıcı ideologiyadan uzaqlaşmaq, erməni cəmiyyətini real dövlətçilik ideologiyasına yönəltməkdir. Paşinyan bu istiqamətdə cəmiyyətə anlatmağa çalışır ki, tarixdə mövcudluğu mübahisəli olan sərhədlər və ideologiyalar üzərində qurulan düşüncə müasir Ermənistan dövlətinin inkişafına kömək etmir, əksinə, ona zərər verir.
Ona görə də İrəvan hakimiyyəti daha çox reallığa söykənməlidir. Paşinyanın millətinə təlqin etmək istədiyi əsas fikir budur ki, indiyədək xalqına aşılanmış “”virtual Ermənistan” ideologiyası qonşuluqda yerləşən üç böyük güclə düşmənçiliyə gətirib çıxarır. Bunlardan biri 90 milyonluq Türkiyədir, ikincisi 10 milyonluq Azərbaycandır, üçüncüsü isə İranda yaşayan milyonlarla azərbaycanlıdır. Paşinyan əslində çıxışları ilə ermənilərə “”elə bir yol seçməlisiniz ki, bu üç qüvvə ilə düşmən olmayasınız’ mesajını verməyə çalışır”.
A.Quliyevin fikrincə, erməni cəmiyyəti məhz mövcud hakimiyyətin təsiri ilə sülhün açdığı imkanlara daha çox inanmağa başlayacaq:
“Fikrimcə, baş nazirin bu təlqinləri erməni cəmiyyətində öz təsirini göstərəcək. Şübhəsiz ki, Ermənistanda bunlarla razılaşmayan və ya reallıqları qəbul etmək istəməyən qüvvələr də var. Amma Paşinyan kimi ölkə rəhbərinin dilindən çıxan bu ifadələr erməniləri qonşularına qarşı daha real və praqmatik mövqe tutmağa sövq edə bilər”.
Gülbəniz Səfərova






