media-inshot_20260223_111542249

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada yanğın baş verib.

Patrul.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində alovun genişlənməsinə, digər obyekt və mənzillərə keçməsinə imkan verilməyib və yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 38 kvadratmetr olan mağazanın yanar konstruksiyaları yanıb. Digər obyektlər və mənzillər yanğından mühafizə olunub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Bənzər xəbərlər