media-29a1ae40-464e-4fec-aef1-da8890a1df55

Patrul.az redaksiyasına daxil olan məktubda diqqət çəkən aktual problemlərdən biri paytaxtın mərkəzi hissəsində qaz təchizatının davamlı olaraq kəsilməsi ilə bağlıdır. Sakinlərin sözlərinə görə, son illər ərazidə aparılan genişmiqyaslı söküntü və yenidənqurma işləri gündəlik həyatlarına ciddi təsir göstərir.

Yasamal rayonu, Nizami metrosu yaxınlığında yaşayan bir sakin bildirir ki, ətraf ərazilərdə – Sovetski adlanan hissədə və köhnə tikililərin yerləşdiyi zonalarda aparılan yenidənqurma işləri qaz təminatında fasilələrə səbəb olur. Şəhərin inkişafı, yeni parkların salınması və müasir tikililərin inşası təqdirəlayiq olsa da, bu proses zamanı sakinlərin gündəlik həyatının çətinləşməsi ciddi narahatlıq yaradır.

Müraciətdə qeyd olunur ki, yay aylarında qazın kəsilməsi o qədər də ciddi problem yaratmır, çünki kondisionerlər elektrik enerjisi ilə işləyir. Lakin qış aylarında vəziyyət tamamilə fərqlidir. Sakinlərin sözlərinə görə, demək olar ki, bütün qış boyu hər 10 gündən bir, bəzən isə həftədə bir dəfə qaz kəsilir. Qazın 7-8 saatlıq kəsilməsi paytaxt sakinlərini həm maddi, həm də psixoloji baxımdan çətin vəziyyətə salır. Xüsusilə yaşlı insanlar, körpə uşaqlar və müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər üçün vəziyyət daha da ağırdır.

Şikayətçi bildirib ki, sonuncu kəsilmə ötən gecə baş verib. Gecə saat 3-4 radələrində qaz qəfil kəsilib və evlər qısa müddətdə soyuyub. Bu, yalnız gündəlik həyatın çətinləşməsinə deyil, həm də insanların psixoloji durumuna təsir edir. Gecə boyu sakinlər narahatlıq içində qalmalı olur və qazın nə vaxt bərpa ediləcəyini gözləməli olurlar.

Müraciətdə həmçinin qeyd olunur ki, gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin qaynar xəttinə zəng edilib, lakin operator onlara heç bir məlumat verilmədiyini bildirərək sadəcə gözləməyi tövsiyə edib. Səhər saat 08:00 radələrində qaz bərpa edilib. Lakin bu qəfil kəsintələr kombi sisteminin də nasazlaşmasına səbəb olub; 100 manat ödənilməsinə baxmayaraq, kombi hələ də tam normal vəziyyətə qayıtmayıb.

Sakinlərin fikrincə, qazın qəfil və uzunmüddətli kəsilməsi qış aylarında insanları həm maddi, həm də psixoloji baxımdan çətin vəziyyətə salır. Qanunvericiliyə əsasən isə istehlakçılar fasiləsiz və keyfiyyətli kommunal xidmət almaq hüququna malikdirlər. Bu hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla qorunur.

Planlı təmir və yenidənqurma işləri zamanı qaz kəsintisi nəzərdə tutulursa, abonentlər əvvəlcədən məlumatlandırılmalıdır. Əks halda, bu hal xidmət keyfiyyətinin pozulması kimi qiymətləndirilir.
Ümid edirik ki, paytaxtda aparılan yenidənqurma işləri ilə yanaşı, sakinlərin gündəlik yaşayış şəraiti də nəzərə alınacaq və qaz təchizatında yaranan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Çünki şəhərin inkişafı ilə yanaşı, vətəndaşların rahat və təhlükəsiz yaşayışı da əsas prioritetlərdən biridir.

Aynur Nadirqızı


Bənzər xəbərlər