Paytaxtın tarixi məhəllələrindəki binalarda qanunsuz söküntü işləri aparılır
Bakıda tarixi əhəmiyyətli binalarda naməlum şəxslər tərəfindən qanunsuz söküntü işləri aparılır.
Patrulaz.az xəbər verir ki, xüsusilə şəhərin Tolstoy və Axundov küçələrində yerləşən tarixi əhəmiyyətli iki bina boşaldılaraq söküntü işlərinə başlanılıb.
Sözügedən binalar Bakının 2040-cı ilə qədər təsdiq olunmuş yeni Baş planına əsasən xüsusi mühafizə zonasında yerləşir. Plana görə, tarixi məhəllələr, o cümlədən Tolstoy və Axundov küçələrindəki qədim tikililər qorunmalı və heç bir söküntü işləri aparılmamalıdır.
Lakin fotolardan da görünür ki, sözügedən ərazidə söküntü işləri aparılır və bununla da tarixi tikililərə bilərəkdən zərər vurulur.
Yerli sakinlərin sözlərinə görə, qorunması lazım olan tarixi məhəllələrdə aparılan söküntü işləri barədə aidiyyatı qurumlara müraciət edilib, şikayət məktubları göndərilsə də, məsələ nəzarətə götürülməyib.
“Göndərilən məktublar ya bir-birinin üzərinə atılıb, ya da məsul şəxslər özlərini bilməzliyə vurublar. Hər şey isə ictimaiyyətin gözündən uzaq, gizli şəkildə həyata keçirilir”, – deyə şikayətçi vətəndaş bildirib.
Qeyd edək ki, məsələ Patrulaz.az-ın diqqətindədir. Aidiyyatı qurumlardan vəziyyətə nəzarət etmələri xahiş olunur.







