Pensiya yaşı artırılır: İşləməyən qadınların sosial təminatı necə olacaq? - AÇIQLAMA
Son illər pensiya sistemi ilə bağlı aparılan islahatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə qadınların pensiya yaşının mərhələli şəkildə artırılması sosial təminat məsələlərini yenidən gündəmə gətirib. 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşının 65-ə çatdırılması bu prosesin yekun mərhələsi kimi qiymətləndirilir. Bununla yanaşı, uzun müddətdir səsləndirilən pensiya yaşının azaldılması təklifləri hələlik qanunvericilikdə əksini tapmayıb.
Bəs heç bir yerdə işləməyən qadınların sosial təminatı necə həyata keçiriləcək?
Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inklişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az -a açıqlamasında bildirib ki, pensiya yaşı artımı yalnız işləyən qadınlara aiddir, işləməyənlər isə pensiya əvəzinə yaşa görə sosial müavinət alırlar:

“Pensiya yaşının artırılması işləyən qadınlara aiddir. Məlum olduğu kimi, 2027-ci ilə kimi işləyən qadınların pensiya yaşı hər il 6 ay olmaqla artırılaraq 65 yaşa çatdırılacaqdır. Yəni kişilərlə qadınların pensiyaya çıxmaq yaşı bərabərləşdiriləcəkdir. İşləməyən qadınlar isə onsuz da pensiya alnmaq hüququna malik deyillər. Çünkü ölkəmizdə 2006-cı ildə qəbul olunmuş “Əmək pensiyaları haqqında” Qanuna və “Sosial müavinətlər haqqında” Qanuna görə sosial sığorta və sosial yardım sistemi ayrılmışdır. İşləməyən qadınların pensiya yaşıma çatdıqdan sonra yaşa görə müavinət almaq hüququ yaranır. Hazırda bu məbləğ ölkəmizdə 220 manat təşkil edir”.
Cəmilə Cəfərzadə






