Pensiya yaşına az qalmış vətəndaşın işdən çıxarılması nə dərəcədə düzgündür? - Deputat və sosioloq mövqeyi
Son vaxtlar pensiya yaşına 2 il qalmış vətəndaşların işdən çıxarılmasının qadağan olunması ilə bağlı məsələ müzakirə edilir. Bu təklif ilk olaraq Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında deputat Vüqar Bayramov səsləndirilib. Məqsəd bu kateqoriyadan olan işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunmasıdır.
Bəs sizcə, belə bir addım yaşlı işçilərin sosial müdafiəsini gücləndirə bilərmi?
Deputat Naqif Həmzəyev Patrulaz.az-a açıqlamasında bildirib ki, təklif olunan mexanizm müəyyən mənada pensiya yaşına çatan şəxslərin həmin dövrdə işdən uzaqlaşdırılmasının qarşısını almaqda qismən də olsa yardımçı ola bilər:

“Ümumiyyətlə, son illərdə işə götürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi üçün çox əlverişli şərait formalaşdırılıb. Ancaq istənilən halda yeni ideyalar yaranır və problemlərin həlli ilə bağlı müxtəlif təkliflər irəli sürülür. İşə götürən çox zaman yaşlı işçiləri müxtəlif bəhanələrlə işdən çıxarmaqda maraqlı olur. Onları yeniləri ilə əvəz etmək istəyir. Eyni zamanda, xüsusilə vəzifəyə keçmiş şəxslər öz komandalarını yığmaq məqsədilə bəzən yaşlı işçiləri işdən çıxarır və onları yeniləri ilə əvəz edirlər. Nəticə etibarı ilə həmin işçi pensiya yaşına az bir müddət qalmış işini itirir və yeni iş tapmaqda çox çətinlik çəkir.
Çünki işə götürənlər adətən yaşlı işçiləri, xüsusilə pensiya yaşına yaxın olanları götürməkdə maraqlı olmurlar və həmin yaş qrupuna aid olan işçilərin iş tapması müəyyən dərəcədə çətin olur. Bu baxımdan səsləndirilmiş təklif problemin həllinə müəyyən dərəcədə kömək edə bilər”.
N.Həmzəyev ümumilikdə 60 yaşdan yuxarı şəxslərin əsassız şəkildə işdən azad edilməsini doğru saymadığını bildirib və bu məsələyə daha ciddi nəzarət olunmasının vacibliyini vurğulayıb:
“Ümumiyyətlə, 60 yaş və 60 yaş yuxarı olan işçilərin, əgər Əmək Məcəlləsinin qaydalarını ciddi şəkildə pozmayıbsa, işə götürən tərəfindən imzalanmış müqavilə qaydaları kobud şəkildə pozulmayıbsa və öz əmək qabiliyyətini yerinə yetirə bilirsə, həmin işçinin işdən çıxarılması məqsədəuyğun deyil. Belə hallarda işçinin işdən azad edilməsinə nəzarət olunmalıdır.
Eyni zamanda, ciddi bir səbəb yoxdursa, istənilən yaş qrupuna aid işçinin işdən çıxarılması yaxşı hal deyil. Rəhbər şəxs dəyişibsə, onun komandası tamamilə işdən çıxarılmamalıdır; bu, ümumiyyətlə düzgün yanaşma deyil. Bu daha çox mərkəzdən kənar rayon və şəhərlərdə baş verir. Belə hallara qanunla nəzarət olunmalı, həmkarlar komitələri tərəfindən də daim izlənilməlidir.
Səsləndirilmiş bu fikrin komitə üzvləri tərəfindən dəstəklənməsi və aidiyyəti nazirlik və qurumlar tərəfindən araşdırılmasından sonra ekspert rəyləri müsbət olduqda, məsələlərə baxıla bilər və baxılmalıdır. Belə olacağı təqdirdə işçilərin və vətəndaşların əmək hüquqları daha yüksək səviyyədə qorunmuş olar”.
Həmçinin sosioloq Üzeyir Şəfiyev də Patrulaz.az-a açıqlamasında səsləndirilən təklifi müsbət dəyərləndirərək, onun vətəndaşların maraqlarına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, burada əsas məqam 60 yaşına çatmış şəxslərin hansı səbəbdən işdən azad olunması ilə bağlıdır:

“Vətəndaşın pensiya hüququnun yaranmasına dəstək verilən bir yanaşmadır. Ancaq bu, işdən çıxma səbəbindən asılıdır. Hansı səbəbdən işdən çıxarılması isə daha çox şeyi müəyyən edir. Bütövlükdə yanaşma vətəndaş yönümlü olduğu üçün təqdirəlayiqdir. Ancaq qeyd etdiyim kimi, bu şəxsin pensiya yaşına 2 il qalmış işdən çıxarılması səbəbindən asılıdır. Düşünürəm ki, bu yanaşma mübahisələndirilə biləcək bir mövzudur. Bu, konkret situasiyadan, konkret səbəblərdən və şəraitdən asılıdır. Amma bütövlükdə vətəndaş yönümlü yanaşma olduğu üçün təqdirəlayiqdir”
Son olaraq qeyd edək ki, həm deputatın, həm sosioloqun da bildirdiyi kimi pensiya yaşına yaxın işçilərin əsassız səbəblərlə işdən azad edilməsinin qarşısının alınması, onların sosial müdafiəsinin gücləndirilməsi və əmək hüquqlarının qorunması baxımından vacib hesab olunur.
Cəmilə Cəfərzadə






