Pərvinə Qədimova: "STEAM dərsləri şagirdləri gələcəyin texnoloji və yaradıcı dünyasına hazırlayır"
STEAM (Science, Technology, Engineering, Arts, Mathematics) – elmi, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən təhsil yanaşmasıdır. Bu dərs şagirdlərə həm nəzəri, həm də praktik bacarıqları öyrətməyi, yaradıcılıq və tənqidi düşünmə qabiliyyətini inkişaf etdirməyi hədəfləyir. Azərbaycanda STEAM dərsləri ilk dəfə 2019-cu ildə bir sıra pilot məktəblərdə tətbiq olunub və əsasən təcrübə layihələri çərçivəsində keçirilirdi. Dərslərdə əsas mövzulara proqramlaşdırma, robototexnika, dizayn, elmi eksperimentlər və riyazi problemlərin həlli daxildir.
Maraqlıdır ki, bu dərslər bütün Azərbaycan məktəblərində tətbiq ediləcəkmi və məcburi yoxsa seçmə fənn kimi olacaq? Bu dərsin tətbiqinin müsbət və mənfi tərəfləri nələrdir?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunda baş metodisti Pərvinə Qədimova Patrulaz.az-a açıqlamasında bildirib ki, 3-9-cu siniflərdə STEAM dərsləri dərsdənkənar məşğələ şəklində təşkil olunur:
“2025-2026-cı tədris ilində STEAM dərslərinin ölkə üzrə 407 məktəbi əhatə etməsi planlaşdırılmışdır. Hazırda 3-9-cu siniflər üzrə STEAM dərsləri dərsdənkənar məşğələ formasında keçirilir. Məşğələlərin keçirilməsi üçün bütün materiallar layihənin əməkdaşları tərəfindən hazırlanır və məktəblərə təqdim olunur”.

P. Qədimova STEAM dərslərinin müsbət və mənfi tərəflərini sadalayıb və sistemin uğurlu tətbiqi üçün müəllimlərin ixtisasartırılması, resurs təminatı və uyğun qiymətləndirmənin vacibliyini vurğulayıb:
“STEAM dərsləri müasir təhsil sistemində ən aktual yanaşmalardan biridir. Onun tətbiqi həm çoxsaylı müsbət, həm də potensial mənfi tərəflərə malikdir. Müsbət tərəflərə aiddir:
– Şagirdlər müxtəlif fənləri birləşdirərək problemləri həll edir.
– Şagirdlər sadəcə məlumatı öyrənmir, yeni ideyalar yaradır, alternativ həll yolları düşünür.
– Yaradıcılıq və analitik düşüncə eyni anda inkişaf edir.
– Şagirdlər bir-birinə qulaq asmağı, fikir bölüşməyi, əməkdaşlıq etməyi öyrənirlər.
– Problem həlli, kommunikasiya, informasiya savadlılığı, texnoloji düşüncə, adaptasiya kimi bacarıqlar formalaşır.
Mənfi tərəflərə aiddir:
– Layihə əsaslı öyrənmədə nəticəni obyektiv ölçmək çətindir.
– Mövcud dərs planlarında bu qədər inteqrativ layihələrə geniş yer tapmaq bəzən çətin olur.
– Fənlərarası layihələrdə riyaziyyat və ya incəsənət kimi komponentlər bəzən ikinci planda qalır, balans pozulur.
STEAM dərsləri innovativ təlim yanaşması kimi şagirdləri gələcəyin texnoloji və yaradıcı dünyasına hazırlayır.
Bu sistemin uğurlu tətbiqi üçün müəllimlərin ixtisasartırılması, resurs təminatı və uyğun qiymətləndirmə mexanizmləri vacibdir”.
Cəmilə Cəfərzadə






