media-img_5664

Redaksiyamıza müraciət edən vətəndaş iddia edir ki, onun iki övladı və əlavə olaraq üç qohum uşağı ilə birlikdə paytaxta gəzməyə çıxıblar. Uşaqların üçü 14-15 yaş arası azyaşlılardan ibarət olub. Bir müddət gəzdikdən sonra onlar yollarını Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 196 ünvanında yerləşən “Phantom” adlı qorxu evindən salıblar. Hər birinə giriş üçün 15 manat ödəniş edilib. Lakin şərtlər izah ediləndə gənclər və azyaşlılar həmin şərtlərlə razılaşmadıqlarını bildiriblər. Qorxu evinin əməkdaşları isə ödənişin heç bir halda geri qaytarılmayacağını deyiblər. Bir neçə dəqiqəlik müzakirədən sonra əməkdaşlar uşaqları oyuna daxil olmağa razı salıblar.

Vətəndaşın sözlərinə görə, azyaşlılardan biri oyun başlayan kimi qorxudan içəridən çıxmaq istəyib və qaranlıq mühit onda güclü narahatlıq yaradıb. İçəridəki dekorasiyanın dəhşət xarakterli olması, qəfil səhnələr və yüksək psixoloji təsir yükü uşaqlarda əlavə gərginlik yaradıb. İddia olunur ki, otaqlardan birində dik vəziyyətdə tabut qurğusu quraşdırılıb və aktyorlar uşaqlardan birini tutub həmin tabutun içinə salıblar. Komanda yoldaşlarının tapşırığı isə tabutu açmaq üçün açarı tapıb dostlarını ordan çıxarmaq olub. Qorxu evi əməkdaşları bildiriblər ki, tabutun içində olan uşaq qorxduğu halda “stop” deməlidir və onlar ancaq bundan sonra müdaxilə edəcəklər. Burada ciddi sual ortaya çıxır: əgər tabuta salınan uşaq qorxu səbəbindən panik atak keçirib dili tutulsa, nəfəsi daralsa və “stop” demək iqtidarında olmasa, nə baş verəcəkdi?

Müraciətçilərin iddiasına görə, uşaqlardan biri qaranlıq otaqda hərəkət edərkən dekorasiya məqsədilə yerləşdirilmiş iti kəsik güzgü elementinə toxunub və barmağını yaralayıb. Uşaqlar qanaxmanın qarşısını almaq üçün əməkdaşlardan kömək istəsələr də, onlara “bu bizim məsuliyyətimiz deyil, ehtiyatlı davranmalı idiniz” cavabı verilib. Bu isə təhlükəsizlik tədbirlərinin təmin olunub-olunmaması ilə bağlı ciddi suallar yaradır. Əgər həmin şüşə element üz cizgilərinə, boyun nahiyəsinə və ya gözə toxunsaydı, nəticə daha ağır olmayacaqdımı? Axşam saatlarında yardım ala bilməyən uşaqlar bir neçə kilometr məsafəni qaçaraq aptek tapıb və qanaxmanı özləri dayandırmağa nail olublar.

Hadisə ilə bağlı uşaqlardan birinin valideyni Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edərək rəsmi şikayət ərizəsi yazıb.

Maraqlı məqamlardan biri də odur ki, qorxu evinin sosial şəbəkə hesabındakı məlumat bölməsində “intihar” və “morq” kimi sözlərin yer alması cəmiyyət arasında psixoloji çağırışlar, azyaşlıların psixikasına mənfi təsir ehtimalı və etik prinsiplərin pozulması ilə bağlı əlavə narahatlıq yaradıb. Bu cür məkanların azyaşlılara hansı psixoloji fəsadlar verə biləcəyi, onların təhlükəsizlik səviyyəsi, həm fiziki, həm də emosional sağlamlığa riskləri mütəxəssislər tərəfindən ayrıca qiymətləndirilməlidir.

Mütəxəssislərin fikrincə, qorxu elementləri üzərində qurulan bu tip əyləncə məkanları uşaqlar üçün ciddi psixoloji və fiziki təhlükə yaradır. Qəfil səslər, qaranlıq mühit və gözlənilməz hücum effekti azyaşlılarda dərhal panik ataka, nəfəs darlığına və şok reaksiyasına səbəb ola bilər. Qorxu hissinin qəfil və yüksək intensivliklə yaşanması uşağın orqanizmində stress hormonlarının nəzarətsiz yüksəlməsinə gətirib çıxarır ki, bu da sinir sisteminə ağır yük salır və emosional balansı pozur.

Belə mühitdə qalan uşaqlarda davamlı narahatlıq, yuxuya getməkdə çətinlik, gecə kabusları, qaranlıqdan həddindən artıq qorxma kimi əlamətlərin uzun müddət davam etməsi mümkündür. Travmatik təcrübə bəzən posttravmatik stress pozuntusuna qədər gedib çıxır və bu, uşağın sosial davranışına, məktəb həyatına və gündəlik fəaliyyətinə ciddi təsir göstərir. Fiziki təhlükəsizlik tədbirlərinin zəif olması isə vəziyyəti daha da ağırlaşdırır. Qaranlıq şəraitdə gizlədilmiş dekor elementləri, kəskin səthlər və qəfil hərəkətlənən qurğular azyaşlılar üçün real xəsarət riski yaradır və bu xəsarətlərin bəzən ağır nəticələrə səbəb olacağı istisna deyil.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər