media-img_5178

Bakıda yerləşən “Phobia Games” əyləncə mərkəzində 15 yaşlı Nigar Mustafayeva oyun zamanı xəsarət alıb.

Valideynin sözlərinə görə, yeniyetmənin üzü zədələnib və ümumilikdə 10 tikiş qoyulub. Hadisə qızın oyundan çıxmaq üçün qaçarkən taxta qutuya çırpılması nəticəsində baş verib. O bildirib ki, qızı aktyor tərəfindən itələnib və bu səbəbdən özünü itirərək xəsarət alıb. Valideyn əlavə edib ki, hadisə baş verən zaman mərkəzdə yeniyetməyə heç bir tibbi yardım göstərilməyib.

Zərərçəkən qız baş verənləri belə təsvir edib:

“Aktyor gəldi, ilk olaraq rəfiqəmi təxminən 2 metr məsafəyə itələdi və arxaya çırpdı. Rəfiqəm kameraya əl sallayıb məqsədlərinin nə olduğunu soruşanda aktyor qəzəbləndi və onu ikinci dəfə arxaya sıxdı. Qız qaçanda çiynindən tutub qabağa itələdi. Məni də belimdən itələyəndə şkafa çırpıldım və huşumu itirdim. Məni xəstəxanaya apardılar, iki yerdən tikiş qoyuldu – birinə 3, digərinə 7 tikiş. Gözümün altı və dodağım partlayıb, ayaqlarımda göyərmələr var”.

“Phobia Games” əyləncə mərkəzinin İçərişəhər filialının administratoru Nihat Nuri Patrul.az-a açıqlamasında bildirib ki, əyləncə mərkəzi 3 ildən artıqdır fəaliyyət göstərir və ümumilikdə 6 filialı mövcuddur. Onun sözlərinə görə, bu günə qədər müştəri məmnuniyyəti ilə bağlı ciddi narazılıq qeydə alınmayıb.

Administrator iddia edir ki, bir neçə gün əvvəl mərkəzə gələn iki xanım özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi təqdim edərək yaşlarını 18 kimi göstəriblər, halbuki onların əsl yaşı 15–16 olub. Mərkəzə daxil olduqdan sonra onlar “hard” səviyyəsini seçiblər və oyun boyunca aktiv şəkildə iştirak ediblər.

Nihat Nuri bildirib ki, hadisə aktyorun qıza toxunması səbəbindən deyil, yeniyetmənin diqqətsizliyindən baş verib: “Oyunun son otağında xanım qaçaraq çıxmaq istəyib və bu zaman şkafa çırpılıb. Hadisə məhz bu səbəbdən baş verib. Burada bizim aktyorun heç bir günahı yoxdur”.

“Hard” variantı daha yüksək çətinlik və dinamika ilə seçilir. Bu seçim iştirakçıdan sürətli reaksiya və fiziki çeviklik tələb edir. Otaqlarda qorxu effekti artırılır və aktyorlarla təmas səviyyəsi digər variantlarla müqayisədə daha yüksək olur. İştirakçı qaranlıq və dar məkanlardan sürətlə çıxmalı, xüsusi ssenari üzrə irəliləməlidir. Oyun zamanı işıqlandırma zəif olur, qəfil yüksək səslər və yaxın məsafədən effektsiz toxunuşlar tətbiq edilə bilər. Qaçış, əyilmə və manevr etmə kimi fiziki hərəkətlər zəruri hesab olunur. Qaydalara əsasən, 18 yaşdan aşağı şəxslərə “hard” variantı tövsiyə edilmir.

Administratorun sözlərinə görə, hadisənin baş verdiyi gün qaydalar iştirakçılara izah olunub və oyun seçimi onların öz istəyinə əsasən həyata keçirilib.


Bənzər xəbərlər