media-inshot_20251027_225306997

Pişikləri çox vaxt xəmir yoğururmuş kimi pəncələri ilə insanları masaj edərkən görürük. Bu şirin görünən jest bəzən ağrılı da ola bilər, xüsusən pişiyin dırnaqları uzun olduqda. Amma bu davranışın arxasında maraqlı bir səbəb dayanır.

Patrulaz.az-ın məlumatına görə, pişiklər bu hərəkəti balaca vaxtlarında ana pişiyin südünü daha yaxşı çıxarmaq üçün öyrənirlər. Ana pişiyin qarın nahiyəsinə basaraq etdikləri yoğurma hərəkəti həm də ana ilə balası arasında güclü bir bağlılıq yaradır. Zamanla böyüyən pişiklər bu hərəkəti davam etdirirlər. Yəni onlar bu hərəkət vasitəsilə balacalığındakı təhlükəsizlik və rahatlıq hissini yenidən yaşayırlar.

Pişiklərin pəncələri ilə basarkən əhr və qoxu vəziləri də aktiv olur. Bu, pişiyin ətraf mühitə öz unikal feromonlarını buraxmasına səbəb olur. Beləliklə, yorğanı, divanı və ya sizi yoğurarkən pişik əslində “Bu mənəm” mesajını həm sizə, həm də digər pişiklərə çatdırır.

Təbiətdə pişiklər dincəlmək üçün uzun ot və yumşaq sahələri pəncələri ilə yoğuraraq rahat bir yer hazırlayırlar. Ev pişikləri də bu davranışı oxşar səbəblərlə nümayiş etdirirlər.

Yoğurma hərəkəti pişiklərdə adətən rahatlıq və xoşbəxtliyin göstəricisidir. Bu hərəkət təkrarlandıqca pişikin orqanizmində dopamin ifraz olunur və o, xoşbəxt olur. Lakin bu hərəkət çox tez-tez və uzun müddət davam edirsə, bu stress və ya narahatlığın əlaməti ola bilər. Xüsusilə pəncələrlə çox qazma və əşyaları yalama kimi aqressiv davranışlar müşahidə olunarsa, baytara müraciət etmək tövsiyə olunur.

Beləliklə, pişikiniz sizi masaj edirmiş kimi yoğurursa, narahat olmayın. Bu, sadəcə onun xoşbəxt və rahat olduğunu göstərən şirin bir davranışdır.


Bənzər xəbərlər