media-1664369775_5678-1-780x405

Ev heyvanı sahiblərinin ən çox rastlaşdığı vəziyyətlərdən biri – pişiyinizi sevə-sevə sığallayarkən onun qəfil dişləməsidir. Bəzən mırıltı ilə yanınıza gələn, qucaqlaşmaq istəyən pişiyiniz bir neçə saniyə sonra sanki fikrini dəyişir və dişlərini dərinizə keçirir. Maraqlıdır, bu davranışın arxasında nə dayanır?

Patrulaz.az bu sualın cavabını araşdırdıb.

Köpəklərdən fərqli olaraq, pişiklər emosiyalarını açıq şəkildə ifadə etməyi sevmirlər. Onlar diqqətə və sevgiyə ehtiyac duysalar da, bunun miqdarını özləri müəyyənləşdirmək istəyirlər. Yəni, çox sevgi onlar üçün artıq olur. Pişiklərdə müşahidə edilən bu hal “həddindən artıq sığallanma” kimi tanınır. Sadə dillə desək, sizi dişlədikdə əslində “bəsdir, kifayətdir” demək istəyirlər.

Bu dişləmələr sevgi əlaməti də ola bilər. Kiçik “sevgi dişləmələri”, yəni ağrıtmayan yüngül dişləmələr onların uşaqlıqda bacı-qardaşları ilə oynayarkən öyrəndiyi davranış formasıdır. Amma əgər dişləmə ağrılı, cızıqla və ya qorxu ilə müşayiət olunursa, bu, artıq narahatlıq və ya qorxu reaksiyasıdır.

Pişiyin bədən dili bu vəziyyəti əvvəlcədən xəbər verir. Quyruğun sürətlə yellənməsi, qulaqların geriyə düşməsi, bədənin qəfil gərginləşməsi – yaxınlaşan dişləmənin xəbərçisidir. Belə anlarda onu sığallamağı dayandırmaq və bir az məsafə saxlamaq ən düzgün addımdır. Əks halda, pişik özünü sıxışdırılmış hiss edib müdafiəyə keçə bilər.

Ən vacibi, bu davranışa qəzəblə cavab verməmək lazımdır. Pişiyə qışqırmaq və ya onu cəzalandırmaq, aranızdakı etimadı zədələyir. Əksinə, sakitcə əlinizi geri çəkmək və ona istədiyi qədər sərbəstlik vermək, münasibəti daha da möhkəmləndirəcək.

Unutmayın, hər pişiyin öz qaydası və “rahatlıq zonası” var. Bəziləri başını sığallamağı sevir, bəziləri isə belinə və ya quyruq hissəsinə toxunulmasından xoşlanmır. Onu yaxından tanımaq, davranışlarını müşahidə etmək və sərhədlərinə hörmətlə yanaşmaq sizi həm dişləmələrdən qoruyar, həm də pişiyinizlə aranızda daha dərin bir bağ yaradar.

Əgər pişiyiniz hər dəfə eyni nöqtəyə toxunanda dişləyirsə, bu, bəzən ağrı və ya narahatlıqdan qaynaqlana bilər. Belə hallarda mütləq baytar müayinəsi vacibdir. Çünki pişiyiniz sizə yalnız dişləməklə “orası ağrıyır” mesajını verir.

Bir də unutmayın – pişiklər münasibətlərində həmişə nəzarəti əllərində saxlamaq istəyirlər. Onların bu incə davranışlarını başa düşmək, sərhədlərinə hörmətlə yanaşmaq və oyun zamanı enerjilərini düzgün yönləndirmək aranızdakı bağın daha güclü və sağlam olmasını təmin edəcək.


Bənzər xəbərlər