Polis adından bu cür "saxta" mesajlarla vətəndaşları aldadanlar HƏBS OLUNACAQ - Xəbərdarlıq
Son dövrlər polis əməkdaşlarının adından göndərilən “3 saat ərzində cərimənizi ödəyin” məzmunlu saxta mesajlar vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirməyə yönəlmiş kiberdələduzluq halları kimi ciddi narahatlıq yaradır. Mütəxəssislər bildirirlər ki, bu cür hallarda vətəndaşlar naməlum linklərə daxil olmamalı, rəsmi qurumların məlumatlarını yalnız rəsmi mənbələrdən yoxlamalıdır.
Bəs bu cür saxta mesajlar göndərərək insanları aldadan şəxsləri Azərbaycan qanunvericiliyinə əsasən hansı məsuliyyət və cəzalar gözləyir?
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, polis adından saxta mesajlar göndərərək kiberdələduzluq törədən şəxsləri ciddi cinayət məsuliyyəti və azadlıqdan məhrumetmə cəzası gözləyir:
“Son dövrlərdə vətəndaşlara polis əməkdaşlarının adından “3 saat ərzində cərimənizi ödəyin” məzmunlu saxta mesajların göndərilməsi ilə bağlı kiberdələduzluq halları geniş yayılıb. Bu üsulla insanlar qorxu və təşviş yaradılaraq saxta keçidlərə yönləndirilir və onların bank kartı məlumatları ələ keçirilir. Azərbaycan qanunvericiliyinə əsasən bu cür əməllər cinayət məsuliyyəti yaradır və ciddi cəzalar nəzərdə tutulur. Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə dələduzluq yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını ələ keçirməyə görə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Əgər cinayət informasiya texnologiyalarından istifadə edilməklə törədilibsə, bu hal məsuliyyəti daha da ağırlaşdırır”.

R. Vəliyev qeyd edir ki, mütəşəkkil və ya təkrar törədilən bu cür saxta mesajlar daha ağır cəzaya səbəb olur və ictimai etimadı sarsıtdığı üçün hüquq-mühafizə orqanları vətəndaşları diqqətli olmağa çağırır:
“Bank kartı məlumatlarının qanunsuz əldə olunması və istifadə edilməsi kibercinayət hesab olunur. Bu cür əməllərə görə təqsirkar şəxslər cərimə, islah işləri və ya bir neçə il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Cinayət mütəşəkkil dəstə tərəfindən və ya təkrar törədildikdə cəza daha sərt olur. Dövlət qurumlarının adından saxta mesaj göndərilməsi həm də ictimai etimadın sarsıdılmasına səbəb olur. Hüquq-mühafizə orqanları belə halların qarşısının alınması üçün vətəndaşları diqqətli olmağa çağırır”.
Vəkil həmçinin bildirir ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinə və ya Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etməlidirlər:
“Rəsmi qurumlar cərimə və ödənişlə bağlı məlumatları əsasən “e-pul”, “ASAN Pay” və digər rəsmi platformalar vasitəsilə təqdim edir. Şübhəli linklərə daxil olmaq və bank kartı məlumatlarını paylaşmaq ciddi maliyyə itkisinə səbəb ola bilər. Vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinə və ya Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etməlidirlər. Unutmaq olmaz ki, kiberdələduzluq yalnız maddi zərər deyil, həm də insanların şəxsi məlumatlarının təhlükəyə düşməsi deməkdir”.
Cəmilə Cəfərzadə






