media-img_0587

“Biznes forumu və İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səyfənin açılması baxımından ciddi əhəmiyyət kəsb edir”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib. Onun sözlərinə görə, Tehrandakı səfirliyə qarşı törədilən terror aktı, İran rəsmilərinin anti-Azərbaycan çıxışları və Zəngəzur dəhlizinə qarşı çıxışlar iki ölkə münasibətlərində ciddi böhrana səbəb olmuşdu. Lakin o, Pezeşkianın ölkəmizə səfərinin mövcud böhranın aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb:

“Xatırladım ki, Azərbaycan-İran münasibətlərində son bir neçə ildə müəyyən problemlər yaşanmışdı. Həm Tehranın bəzi nümayəndələrinin Azərbaycana qarşı əssasız ittihamları, həm bir sıra mollaların anti-Azərbaycan yönlü çıxışları, o cümlədən İranın Ermənistana olan dəstəyi və Zəngəzur dəhlizinə qarşı çıxması iki ölkə arasındakı münasibətlərdə müəyyən problemlər yaratdı. Bu problemlərində pik nöqtəsini Tehrandakı səfirliyə qarşı törədilən terror aktı oldu. Həmin vaxt Azərbaycan İrandakı səfirliyini geri çağırdı. Bütün bunlar iki ölkə arasındakı münasibətlərdə ciddi bir böhran olduğunun göstəricisi idi. Hal-hazırda isə İran Prezidenti Məsud Pezeşkianın Bakıya gəlişi sözügedən böhranın aradan qaldırılmasında ciddi bir faktor rolunu oynaya bilər”.

media-21224953-27d1-4d41-9ac8-3ab1155534c0
Sultan Zahidov Azərbaycanın İran üçün həm geostrateji, həm də geoiqtisadi baxımdan böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayır. O bildirir ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe ölkəni regionda mühüm tranzit mərkəzinə çevirir:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanın İran üçün böyük geostrateji əhəmiyyəti var. Çünki Azərbaycan həm Rusiya, həm də İranla sərhəddə yerləşən yeganə ölkədir. Yəni, İrandan Rusiyaya ən qısa tranzit yolu məhz ölkəmizdən keçir. Həmçinin Rusiya da Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsini istəyir. Hətta İran və Rusiya arasında 2025-ci ilin yanvar ayında hərtərəfli strateji saziş imzalandı. Həmçinin bu sazişdə Azərbaycan üzərindən Moskvadan İrana qaz nəqlini nəzərdə tutulur. Bu baxımından, İran üçün Azərbaycanın həm geostrateji, həm də geoiqtisadi əhəmiyyəti var. Sözsüz ki, Azərbaycana da Tehranla əməkdaşlıq müsbət dividentlər gətirir. Söhbət ticari, iqtisadi, infrastruktur, nəqliyyat sahəsindəki əməkdaşlıqdan gedir. Burada Araz dəhlizinin önəmi böyükdür. Bu dəhliz Azərbaycana İran ərazisindən Naxçıvanla əlaqə saxlamağa imkan yaradır. Ona görə də ölkəmiz İranla qonşu ölkə olaraq ticari və iqtisadi tərəfdaşlıqda maraqlıdır”.

Politoloq aprelin 28-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O qeyd edir ki, bu forum yalnız sahibkarlıq sahəsində deyil, ümumilikdə Azərbaycan və İran arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir:

“Bu biznes forumu iki ölkə arasındakı maraqların uzlaşması və bu istiqamətdə addımların atılması baxımından faydalı bir rola malikdir. Azərbaycan-İran biznes forumu hər iki ölkənin sahibkarlarına birgə işlər müzakirə etməyə və həyata keçirməyə imkan yaradır. Bu yolla da iki ölkə arasındakı münasibətləri təkcə siyasi səviyyədə deyil, həm də biznes strukturları səviyyəsində sıx təmasların baş verməsinə gətirib çıxara bilər. Bu da sözsüz ki, qonşuluq münasibətlərinə tam uyğundur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər