Politoloqdan Netanyahunun Bakıya səfəri ilə bağlı analizi: “Görünən, aysberqin yalnız üstüdür”
İsrailin Baş naziri Benyamin Netanyahu 7 may tarixində Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Netanyahu, Azərbaycan Prezidenti İlham Əliyev və yerli yəhudi icması ilə görüşlər keçirəcək.
Görüş zamanı müzakirə olunacaq məsələlər və Azərbaycan-İsrail münasibətlərinə dair fikirlərini Patrulaz.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova açıqladı:
“İsraillə münasibətlərdə görünən amillər aysberqin görünən hissəsidir. İsrailin baş naziri Benyamin Netanyahunun mayın 7-də Azərbaycana realllaşdırılan səfəri qədər, onun müddəti də son dərəcə diqqəti cəlb edən məsələdir. Beş günün kifayət qədər uzun müddət olduğu amili kimi, İsrail baş nazirinin strateji əhəmiyyətli ölkələrə səfərinin belə adətən bir və üç gün arasında davam etdiyini nəzərə alsaq, deməli, Azərbaycanla münasibətlərə son dərəcə önəm verilir, həmçinin Azərbaycanın digər aktorlarla olan, yaxınlaşan münasibətləri də ciddi şəkildə nəzərə alınır. 2023-cü il oktyabrın 7-də müharibə başlayandan bəri Netanyahunun yalnız ABŞ və Macarıstanı çıxmaqla, ümumiyyətlə çox səyahət etmədiyini və müsəlman ölkəsinə ilk səfərini Azərbaycana reallaşdırdığı bir digər mühüm amili də vurğulamadan keçə bilmərik. Müharibə dövrünün lideri yalnız lazım gəldikdə ölkəni tərk edə bilərsə və Azərbaycana səfər etmək zərurəti yaranıbsa, deməli, bu səfər son dərəcə strateji məsələdir. Azərbaycanda yəhudi icmasının önəmi bəlli məsələdir. Buna görədir ki, mayın 7-də Netanyahunun cənab prezident İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcəyi bildirilir. Lakin İsrail mətbuatına nəzər yetirdiyimiz zaman görürük ki, Netanyahu iki əsas məsələyə diqqət yetirəcək. Bunlardan birincisi Suriyada münaqişənin qarşısını almaq üçün Türkiyə ilə vasitəçilik, ikincisi isə İsraillə 2020-ci ildə imzalanmış İbrahim sazişini Azərbaycana genişləndirmək məsələsidir. Amerikanın “Newsweek” jurnalında Aleks Qrinberq və Cozef Epşteynin İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya gözlənilən səfərinə həsr olunmuş məqaləsində bildirilir ki, BƏƏ, Mərakeş, Sudan və Bəhreyn olmaqla sazişlərdə yer alan ölkələrdən fərqli olaraq, Azərbaycan nəinki İsraillə əlaqələr qurmuş, həm də ABŞ-dən sonra onun ən yaxın müttəfiqi olmuş aktordur. Azərbaycan İsrailə enerji resurslarının aparıcı ixracatçılarından biridir, SOCAR böyük Tamar layihəsində pay alıb və İsrail sularında qazın kəşfiyyatı üçün lisenziya alıb”.

Politoloq Azərbaycanın Türkiyə və İsrail arasında mümkün diplomatik yaxınlaşmada oynadığı vasitəçi roluna da toxundu. Onun sözlərinə görə, Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından keçməsinə icazə verilməsi və ardınca Ərdoğanın Bakıya gözlənilən səfəri, Bakı-Ankara-Tel-Əviv xəttində yeni bir diplomatik səhifənin açıldığını göstərir:
“Bu gün bir xəbər də məlum oldu ki, Türkiyə Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verib. Görünür, Azərbaycanın vasitəçilik təşəbbüsləri sadəcə sərhədləri aşmaqla kifayətlənmir, barışmaz ideologiyaları da birləşdirir. Nəzərə alsaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Bakıya səfəri gözlənilir, istisna edilmir ki, Netanyahu-Ərdoğan görüşü də ola bilər. Bu mərhələyə qədər daha aydın məlum olur ki, cənab Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin Ankara-Tel-Əviv trafiki olmaqla implicit danışıqlarının mahiyyətini bu gün explicit görürük. Mahir diplomat cənab İlham Əliyevin də bildirdiyi kimi, İsraillə münasibətlərdə görünən amillər aysberqin görünən hissəsidir. ABŞ Prezidenti Donald Trampın dövlət başçımıza ünvanladığı məktubda İsraillə bağlı Bakıya təşəkkür etməsi, Netanyahunun səfəri öncəsi İsrailin Bakıdakı səfiri Corc Dikin müsahibəsi zamanı Azərbaycanı İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı bütün məsələlərdə “müsəlman dünyasında lider ölkə” adlandırması, dövlət başçımızın İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlaması səfərin müsbət nəticələrə fokuslanması üçün zəmin yaradır, produktiv olması üzərində hərtərəfli iş aparılır”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova İstanbul və Tel-Əviv arasında buzların əriməsinin yalnız regional deyil, qlobal güclərin, xüsusilə ABŞ-nin maraqlarına da uyğun olduğunu bildirdi:
“Türkiyə-İsrail yaxınlaşması həm də ABŞ-ə maraqlıdır ki, İrana fokusunu daha da artıra bilsin. Gərginliyi minimuma endirmək üçün Azərbaycan tarixi təkrarlayaraq müttəfiqi və dostu arasında dialoq yaradır. Son günlərdə cənab Prezidentə Netanyahunun səfərindən öncə ünvanlanan sualın da təsadüf olmadığı bir daha məlum olur. Dövlət başçımız da məhz onu məlum və əyan etdi ki, Türkiyə və İsrail arasında dialoqda maraqlıyıq”.
Gülbəniz Səfərova






