media-qxr4dyab5xmwnpoic7qmkubqw6cvd5yiblbbjoms_640

Prezident İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.

Patrulaz.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.

Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.

media-qxr4dyab5xmwnpoic7qmkubqw6cvd5yiblbbjoms_640 media-f9tibmuk5zz3jnypllmohax6mur1cv5qhdktalon_640 media-5ys1w2l9eqsqfbo2rsss3bpkooq9fm3p76f2twyn_640


Bənzər xəbərlər