“Prezident İlham Əliyev təqdim edilən platformaları imkan və fürsətlərə çevirməyi bacarır”- Azər Badamov
“Cənab Prezident İlham Əliyevin silsilə uğurlarını təmin edən amillərdən biri ondan ibarətdir ki, dövlət başçısı mövcud reallığı, yaranan yenilikləri, baş verən proseslərdə düzgün qərar qəbul etməyi, təqdim edilən platformaları imkan və fürsətlərə çevirməyi bacarır. Dövr informasiya dövrüdür, bu baxımdan hər bir platformanın auditoriyasını nəzərə alaraq məzmun formalaşdırmaq lazımdır. Bu dəfəki tədbirə toplaşan insanların sahələrini nəzərə alaraq dövlət başçımız son dərəcə mükəmməl çıxış ərsəyə gətirdi. Çünki regionun adının müharibədən uzaqlaşaraq investisiya məkanına çevrilməsi reallığı, çağırışı ilə üz-üzəyik. Cənab Prezident İlham Əliyev bu dəfə də keçmişə, mövcud duruma və gələcəkdə atacağımız addımlara da toxunaraq dünya ictimaiyyətini bütün detallar barədə məlumatlandırdı”.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Patrul.az-a açıqlamasında səsləndirib.
Deputat xatırladıb ki, bu toplantı ən son 2010-cu ildə keçirilmişdi:
“Həmin dövrdən bu günə qədər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası sadəcə Azərbaycanın xarici siyasət uğuru ya da əldə etdiyi nəticə deyil. Bu tarixi Zəfər həm də Cənubi Qafqazın bütün taleyini dəyişən bir Zəfərdir. Dövlət başçımız işğal nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərər haqqında müfəssəl məlumat verdi ki, Xocalı soyqırımını törətmiş, Azərbaycanın tarixi torpaqlarını dağıtmış Ermənistana qarşı zamanında sanksiyalar tətbiq olunsaydı, təbii ki, bu gün bizim torpaqlarımız bu qədər ciddi şəkildə zərər görməzdi, bu qədər də böyük maliyyə vəsaiti tələb olunmazdı.
Azərbaycanın üzləşdiyi növbəti haqsızlıqlardan biri ondan ibarət idi ki, dünyanın müxtəlif istiqamətlərində gedən müharibə və münaqişə ocaqlarına münasibət bir cür, Azərbaycana isə tamamilə fərqli idi. Deməli, ikili standartlar özünü göstərirdi. Dünyanın hər hansı bir yerində, hər hansı bir hadisə baş verərkən dərhal sanksiyalar tətbiq edilirdisə, Azərbaycan bunu görmürdü”.

A.Badamov, Ermənistanın beynəlxalq hüququ açıq şəkildə pozduğunu və bu məsələ ilə bağlı böyük dövlətlərin sadəcə vaxt uzatmaqla və Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlamaqla məşğul olduğunu vurğulayıb:
“Artıq Azərbaycan bunu aydın şəkildə gördüyü zaman özü əməli addımlara başladı. Bu əməli addımlar heç bir halda aqressiya ilə müşayiət olunmadı.
Azərbaycan güclənmək yolunu tutaraq öz reallığını özü yaratdı. Azərbaycana müxtəlif mesajlar ötürülsə də, Azərbaycan bu haqsız mesajların heç biri ilə razılaşmadı və biz ərazi bütövlüyümüzü, suverenliyimizi özümüz bərpa etdik. Bu gün də Azərbaycan həmin torpaqlarda quruculuq və bərpa işləri aparır. Təbii ki, müraciət olunan auditoriyanın İslam dünyasının, biznes cəmiyyətinin nümayəndələri olduğunu nəzərə alaraq dövlət başçımız son dərəcə düzgün şəkildə onların diqqətinə çatdırdı ki, məscidlərimiz dağıdılırdı. Bizim dini hisslərimiz təhqir edilirdi. Bu baxımdan Azərbaycan sadəcə işğala son qoymadı, həm də öz qürurunu, İslam dəyərlərini qorudu. Bu çıxış həm də investisiya yatırılmasına çağırış idi. Azərbaycan Lideri bölgədə müharibə və münaqişə riskinin olmadığını qeyd edərək bölgəyə investorları cəlb edir”.
Həmsöhbətimiz qeyd edib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda abadlıq və quruculuq işləri gedir:
“Artıq ərazidə 90 min insan yaşayır və belə platformalarda Azərbaycanın bərpa və quruculuq təcrübəsinin bölüşülməsi çox müsbət bir hadisədir, investisiyaların cəlb olunması deməkdir. Böyük bank dünyasının mütəxəssislərinin bu məsələlər haqqında məlumatlandırılması Azərbaycanın iqtisadiyyatına qatılan əlavə dəyər olacaq. Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilməsi investisiya yatırımlarını daha da sürətləndirir. Bu baxımdan Azərbaycan özündən asılı olan prosesləri nəzarətdə saxlayır.
Şübhəsiz ki, geosiyasi vəziyyət və beynəlxalq münasibətlər sistemindəki ümumi durum da regiona təsirsiz ötüşmür. Əsas məsələ ondan ibarətdir ki, iqtisadi layihələrin gücləndirilməsi istiqamətində işlər davam etdirilsin. Bu baxımdan Cənubi Qafqazın müharibə və münaqişə regionundan çıxaraq iqtisadi məkana çevrilməsi planı reallaşdırılmalıdır”.
Ləman Sərraf






