Yol-nəqliyyat hadisələrində ölüm hallarının artmasının səbəbi məhz belə sürücülərdir - VİDEO
Patrul.az redaksiyasına videogörüntü ilə müraciət edən izləyicimiz Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində qeydə alınmış son dərəcə təhlükəli yol hərəkəti qayda pozuntusu barədə məlumat verib.
İzləyicimizin bildirdiyinə görə, hadisə 19.06.2026-cı il tarixində saat 11:29 radələrində baş verib. Belə ki, yolayrıcında bütün nəqliyyat vasitələri svetoforun qırmızı işığında dayanaraq gözlədiyi halda, 99-NE-720 dövlət qeydiyyat nişanlı “Hyundai Santa Fe” markalı nəqliyyat vasitəsinin sürücüsü yüksək sürətlə qırmızı işıqdan keçib.
Müraciətdə qeyd olunur ki, həmin an piyada keçidindən istifadə edən şəxs yolu artıq yarılamış vəziyyətdə olub. Sürücünün qaydaları kobud şəkildə pozaraq hərəkətini davam etdirməsi nəticəsində piyada son anda geri çəkilməklə mümkün faciədən yayına bilib.
Təqdim olunan videogörüntüdə də sürücünün svetoforun qırmızı işığında hərəkət etməsi açıq şəkildə müşahidə olunur. Xoşbəxtlikdən hadisə ağır nəticələrlə yekunlaşmayıb. Lakin bir neçə saniyəlik fərq insan həyatına son qoya bilərdi.
Qırmızı işıqda keçmək yol hərəkəti qaydalarının ən təhlükəli pozuntularından biri hesab olunur. Belə məsuliyyətsiz davranış nəinki sürücünün özünü, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına qoyur. İnsan həyatını təhlükəyə atan bu cür hərəkətlər sürücülük mədəniyyətinə və qanunlara açıq hörmətsizlik kimi qiymətləndirilməlidir.
Ümid edirik ki, aidiyyəti qurumlar təqdim olunan görüntüləri araşdıracaq və insanların həyatını təhlükə altına qoyan sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.






