media-b7b068c6-d56c-4fb8-a98a-06a803a9027e

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib.

İclasda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır:

“Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dövlət başçısının çıxışını Patrul.az-a şərh edərkən bildirib ki, Prezident İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşündə çıxışı qeyd olunan coğrafiyada yeni geosiyasi konfiqurasiyanın yol xəritəsi hesab oluna bilər:

media-0646b325-b586-4705-98d3-e82ad67e8767

“Əvvəlki dövrün sentimental xarakterli birlik ideyasından fərqli olaraq, yeni dövrün geosiyasi konfiqurasiyası dövlətlərin siyasi, iqtisadi, mədəni və humanitar maraqlarının real əsaslarda uzlaşması, hər bir dövlətin və xalqın maraq və mənafelərinin birgə təmininə yönələn direktivlər üzərində qurulub”.

Millət vəkili qeyd edib ki, Mərkəzi Asiya və Azərbaycan arasında, möhtərəm Prezidentin də ifadə etdiyi kimi, “ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik” proseslərin inkişaf tendensiyasının istənilən istiqamətindən asılı olmayaraq arxa plana keçmir:

“Əksinə, ötən dövr ərzində cənab İlham Əliyevin təbirincə desək, biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik yeni dinamika bəxş etmişik. Lakin onu da etiraf etməliyik ki, bu kimi sağlam təməllərə dayanan əlaqələrin iqtisadi zəminə köklənməsi, habelə dövlətlərin qarşılıqlı müstəqillik və suverenlik imkanlarını artıran vektora yönəldilməsi onları daha dayanıqlı formata gətirir. Bu mənada Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvünə çevrilməsi qeyd edilən istiqamətdə maraqların tam uzlaşmasından və münasibətlərdə yeni mərhələnin başlanmasından xəbər verir”.

Ləman Sərraf


Bənzər xəbərlər