“Prezident İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı davam edir” Aydın Hüseynov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib. Bildirilib ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal olunur. Məhsullar daxili tələbatı təmin etməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac edilir.
Bu kimi addımların ölkə iqtisadiyyatına verdiyi töhfə barədə Milli Məclisin deputatı Aydın Hüseynov Patrul.az-a açıqlama verib.
Millət vəkili qeyd edib ki, beynəlxalq bazarda neft qiymətlərinin qeyri-sabitliyi dövlətlərin iqtisadiyyatını davamlı olaraq təhdid edir:
“Bu təhdid monolit iqtisadiyyata malik ölkələri iqtisadi diversifikasiyaya məcbur edir. İqtisadiyyatın diversifikasiyası və yüksək performansının açarı qeyri-neft sektorunun artımının stimullaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün qısa və uzunmüddətli strateji yanaşmalar tətbiq edilməlidir. Qeyri-neft sektoru üzrə kənd təsərrüfatı, turizm inkişaf etdirilməli, iqtisadi artım daha proqnozlaşdırıla bilən olmalıdır. Tək resurs üzərində qurulan inkişaf modeli dövləti xarici risklərə qarşı daha həssas edir. Coğrafi mövqe və təbii potensial nəzərə alınaraq müxtəlif sektorlara göstərilən laqeydlik aradan qaldırılmalıdır. Qısamüddətli dövrdən uzunmüddətli dövrə uyğunlaşmanı nəzərdə tutan siyasət tətbiq edilməlidir.
Azərbaycan da iqtisadi artım və inkişaf yoluna çatmaq üçün ciddi islahatlar həyata keçirmişdir. İdarəetmə strukturunda və funksional sistemlərdə aparılan əhəmiyyətli təkmilləşdirmələrlə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorlarının inkişafı istiqamətində qətiyyətli addımlar atılmışdır. Nəticədə ölkəmizdə effektiv makroiqtisadi siyasət həyata keçirilir.”
Deputat açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi siyasəti davam edir:
“Həmçinin dövlət başçımız sahibkarlar üçün əlverişli şərait yaradılmasını dövlət institutları və idarəçilər qarşısında vəzifə kimi müəyyənləşdirir. Bu baxımdan Prezident İlham Əliyevin Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” zavodunun açılışında iştirakı xüsusi diqqətə layiqdir. Bu cür şirkətlərin fəaliyyəti iqtisadiyyatımızın inkişafından xəbər verir. Eyni zamanda, belə müəssisələr sosial siyasət baxımından da mühüm əhəmiyyət daşıyır. Fəaliyyəti çoxşaxəli olan şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yerinin yaradılması sosial hədəflərimizə xidmət edir. Zavodun beynəlxalq əlaqələri də uğurla inkişaf edir. Məsələn, ərazisi 10 hektar olan “AZWOOL” zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal olunan müasir avadanlıqlar quraşdırılıb. Məhsullar əsasən yerli xammaldan hazırlandığı üçün bu, Azərbaycan iqtisadiyyatının dünya bazarlarına açılmasına, xarici texnologiyaların isə ölkəmizə gətirilməsinə imkan yaradır. Belə zavodların mövcudluğu müsbətdir, lakin onların fəaliyyəti ekoloji cəhətdən də təhlükəsiz olmalıdır.”
Aydın Hüseynov əlavə edib ki, dövlət başçısı yaşıl iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir:
“Bu baxımdan müəssisənin fəaliyyəti ekoloji cəhətdən təmiz olmaqla yanaşı, enerjiyə qənaətə də şərait yaradır. Şirkət Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsul istehsalçılarından biridir. Məhsulların daxili tələbatı ödəməklə yanaşı, xarici bazarda böyük tələb görməsi ölkəmizin imici baxımından müsbət haldır. Burada istehsal olunan məhsullar Gürcüstan, MDB ölkələri və Yaxın Şərq ölkələrinə ixrac ediləcək. Bu, Azərbaycanın iqtisadi iştirakının coğrafiyasını daha da genişləndirir.
Prezident İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı davam edir. Bu istiqamətdə məqsədyönlü fəaliyyət insanlarımızın məşğulluğunun artırılmasına və xalqımızın rifah halının yüksəldilməsinə mühüm töhfə verir.”
Ləman Sərraf






