media-17585227603907455652_1200x630

Prezident İlham Əliyev 22 sentyabrda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib. Prezident səfər çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə önəmli görüşlər həyata keçirib. Nyu-Yorkda baş tutan “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda isə  Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısının forum iştirçılarına müraciətini səsləndirib. Prezidentin müraciətində Orta Dəhlizlə bağlı önəmli məlumatlar verilib.

Prezidentin müraciətindəki əsas məqamları deputat Mehriban Vəliyeva Patrulaz.az– a şərh edib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda keçirilən 6-cı Xəzər Biznes Forumuna ünvanladığı müraciət bir daha sübut etdi ki, ölkəmiz regional və qlobal miqyasda mühüm nəqliyyat-kommunikasiya layihələrinin təşəbbüskarı və aparıcı icraçısıdır.

Prezident İlham Əliyev müraciətində Orta Dəhlizi “Avropa ilə Asiyanı birləşdirən etibarlı və təhlükəsiz marşrut” kimi səciyyələndirərək, onun beynəlxalq yükdaşımalarında ən qısa və optimal yol olduğunu xüsusi vurğuladı. Azərbaycanın coğrafi mövqeyi, uzunmüddətli baxışları və ardıcıl səyləri nəticəsində bu qlobal layihənin reallaşması, ölkəmizin regional iqtisadi sistemdə lider rolunu təsdiqləyir.

Müraciətdə qeyd olunduğu kimi, Azərbaycan Orta Dəhlizin tam fəaliyyətini təmin etmək üçün son onilliklərdə böyük həcmli investisiyalar yatırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər yük donanması və Gəmiqayırma Zavodu kimi layihələr bu strateji marşrutun dayanıqlılığını təmin edən əsas sütunlardır”.

media-4bb-3

M. Vəliyeva son üç ildə Orta Dəhlizlə yükdaşımaların 90% artması Azərbaycanın tranzit gücünü göstərdiyini vurğulayıb:

“Hazırda isə dəhlizin Azərbaycan seqmentində rəqəmsallaşdırma, modernləşdirmə və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi davam edir. Bu, həm ölkə iqtisadiyyatının gəlir bazasının möhkəmlənməsinə, həm də beynəlxalq tranzit imkanlarının artmasına xidmət edir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının təxminən 90 faiz artması ölkəmizin tranzit gücünü aydın şəkildə göstərir. Rəsmi proqnozlara əsasən, 2030-cu ilə qədər dəhlizin yükdaşıma qabiliyyətinin üç dəfə artacağı, keçid müddətinin isə iki dəfə azalacağı gözlənilir. Bu, Orta Dəhlizi beynəlxalq təchizat zəncirlərində ən mühüm istiqamətlərdən birinə çevirəcəkdir.

Prezidentin müraciətində xüsusi vurğulanan məsələlərdən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılmasıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan Azərbaycan-Ermənistan birgə bəyannaməsi əsasında əsas hissə ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək bu yeni dəhliz, Orta Dəhlizin mühüm seqmentinə çevriləcək. TRIPP yalnız yükdaşımaları deyil, həm də enerji resurslarının, o cümlədən bərpa olunan enerjinin ixracı, elektrik və fiber-optik xətlərin daşınması üçün geniş imkanlar yaradacaq. Bu isə regionu enerji və rəqəmsal kommunikasiya habına çevirməyə xidmət edəcək”.

Deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin müraciəti göstərir ki, Azərbaycan Orta Dəhlizi nəqliyyat sahəsində, həmçinin regional sabitlik və iqtisadi inkişaf üçün katalizator rolunu oynayır:

“Prezident İlham Əliyevin müraciəti göstərir ki, Azərbaycan Orta Dəhlizi təkcə nəqliyyat layihəsi kimi deyil, həm də regional sabitliyin, iqtisadi inkişafın və inteqrasiyanın katalizatoru qismində dəyərləndirir. Bu təşəbbüs region ölkələrinin rifahına, beynəlxalq ticarətin sürətlənməsinə və yeni biznes imkanlarının yaranmasına şərait yaradır.

Prezident İlham Əliyevin 6-cı Xəzər Biznes Forumuna müraciəti Azərbaycanın qlobal iqtisadi sistemdə strateji mövqeyini bir daha təsdiqlədi. Orta Dəhlizin inkişafı, TRIPP marşrutunun formalaşması və infrastrukturun müasir çağırışlara uyğun təkmilləşdirilməsi ölkəmizin gələcək illərdə də regionda aparıcı rol oynayacağını göstərir. Bu, həm milli maraqlara cavab verir, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanların açılmasına xidmət edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər