Putin: "Rusiyanın NATO-ya hücumu barədə cəfəngiyatlara inanmaq olmaz"
“Doğrudanmı Rusiyanın NATO-ya hücum edəcəyinə inanırlar? Belə cəfəngiyatlara inanmaq olmaz”.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı Qərbə müraciətində deyib.
Putin Rusiyanın NATO ölkələri ilə müharibəyə hazırlaşdığı barədə yayılan iddiaları təkzib edərək bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səmərəsizdir:
“Qərb ölkələri Rusiyaya qarşı guya cəzalandırıcı sanksiyalar tətbiq edir, lakin onların səyləri səmərəsizdir. Bəzi ölkələr Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyirlər; onların sakitləşmək vaxtıdır. Tezliklə hər şey qadağan olunacaq, amma qadağalar işə yaramır. Kimsə Rusiya ilə hərbi rəqabət aparmaq istəyirsə, bunu etməkdə azaddır. Rusiyanın Avropanın hərbiləşdirilməsinə cavabı özünü çox gözlətməyəcək. Sakitləşin, dinc yatın və öz problemlərinizlə məşğul olun”.
Rusiya lideri həmçinin Qərbin Ukraynadakı məqsədlərinə də toxunub:
“Qərb Ukraynadakı vəziyyəti müharibədən qazanc əldə etmək və öz məqsədlərinə çatmaq üçün bir yol kimi görür. Onlar üçün bu, fərqli, daha böyük oyunda bir kartdır. Sadəcə bəhanə vasitəsidir; məqsəd geosiyasi maraqlarına çatmaq, nəzarət zonalarını genişləndirmək və müharibədən pul qazanmaqdır”.






