media-img_7854

Çində baş verən faciəvi yol-nəqliyyat hadisəsi beynəlxalq medianın diqqət mərkəzinə çevrilib. Yerli mənbələrin məlumatına görə, Xiaomi SU7 markalı elektromobil qəza nəticəsində alışaraq yanıb və avtomobilin qapılarının kilidlənməsi səbəbindən sürücü hadisə yerində həyatını itirib.

Patrulaz.az xəbər verir ki, ilkin məlumatlara əsasən, qəza zamanı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Toqquşmadan dərhal sonra alov avtomobilin arxa hissəsindən başlayaraq qısa müddətdə bütün salona yayılıb. Müşahidəçilərin bildirdiyinə görə, avtomobilin təhlükəsizlik sistemi zərbədən sonra avtomatik kilidlənib və sürücünün qapıları açaraq çıxmasına imkan verməyib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər qısa müddətdə alovu söndürsələr də, sürücünü xilas etmək mümkün olmayıb.

Hadisə ictimaiyyətdə ciddi rezonans doğurub. Sosial mediada istifadəçilər xüsusilə yeni nəsil elektromobillərin təhlükəsizlik sistemlərinin bu cür hallarda necə davranması ilə bağlı suallar qaldırıblar. 

Qəzanın ardından Xiaomi şirkətinin səhmləri təxminən 10 faiz dəyər itirib. Şirkət hadisə ilə bağlı rəsmi açıqlama yayaraq məsələni araşdırmaq üçün xüsusi komissiya yaradıldığını bildirib. Açıqlamada həmçinin vurğulanıb ki, təhlükəsizlik mexanizmlərinin texniki təhlili aparılacaq və nəticələr ictimaiyyətə təqdim olunacaq.

Hadisə bir daha göstərdi ki, texnoloji inkişaf nə qədər sürətli olsa da, avtomobil sənayesində insan həyatı ilə bağlı risklər tamamilə aradan qalxmayıb. Yeni nəsil elektromobillərin dizayn və təhlükəsizlik sistemləri real sınaqlarda öz effektivliyini sübut etmədikcə, belə hadisələrin təkrarlanma ehtimalı qalır.


Bənzər xəbərlər