media-black-cats

Bir çox insan qara pişik gördükdə, onun uğursuzluq gətirəcəyinə inanaraq yolunu dəyişir. Hətta bəziləri, vacib bir yerə getmək üzrəykən qarşılarına qara pişik çıxdığı üçün geri qayıdıb, evində oturmağa məcbur olur.  Maraqlıdır ki, tamamilə zərərsiz və sakit bir heyvanın təkcə rənginə görə insanlar planlarını pozur, önəmli qərarlarını belə dəyişirlər.

Bəs görəsən, bu inancın dini əsası varmı?

Patrulaz.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyliyə görə, qara pişiyin uğursuz sayılması tamamilə xurafat xarakterlidir. Onun sözlərinə görə, İslam dini bu cür düşüncələri qəbul etmir və insanları boş inanc və qorxulardan uzaq durmağa çağırır:

media-inshot_20250708_171438149

Qara pişiyin və yaxud da hər hansı bir heyvanın insana uğur gətirib-aparması ilə bağlı gücü yoxdur. Yer, Göy, ümümlikdə Kainatda var olan hərşey Allahın iradəsi ilə bağlıdır. Bu düşüncələr insanların batil inanclardan doğan fikirdir. Onlar elə düşünürlər ki, qara pişik insanın qarşısına çıxdıqda uğursuzluq gətirir. Lakin bu daha çox falçı və batil inançlıların insanların qəlbində qorxu yaratmaq məqsədilə ortaya çıxardıqları fikirlərdir. Bu həyatda şər və xeyir qardaşdır. Buna görə də imtahanlar içində olan insanlar həm müsibətlərlə qarşılaşır, həm də mükafatlar alırlar. Əslində insanlar heç bir çətinliyi uğursuzluq kimi qəbul etməməlidir. Çünki hər bir çətinlik insana həyatda qapı açır, o cümlədən onun tərəqqisinə qüdrət verir. Buna görə də, dinimiz hər hansı bir günü, rəqəmi uğursuz saymır. Ümumiyyətlə, İslam dini bu cür anlayışları qəbul etmir, onları batil inanc olaraq cəhalət sayır. İnsan alnının və zehninin təri ilə çalışmalı, zəhmət çəkməli və daima gözəl duaları, zikrləri ilə şərə qarşı mübarizə aparmalıdır”.

İlahiyyatçı, hətta Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) hədislərindən birini nümunə göstərərək, İslam dinində pişiyin zərərsiz və heç bir uğursuzluqla əlaqəsinin olmadığını vurğulayır:

media-inshot_20250708_171903024

“Əslində, bu kimi inanclar insanı böyük işlərdən geri salır. Bu cür inancların tam əksi olaraq, İslam dinində pişiyə qarşı çox yaxşı münasibət var. Ərəb dilində pişiyə “hüreyrə” və ya “qıt” deyilir. Pişiklə bağlı bir hədisə görə, peyğəmbərin dostlarından biri olan “Əbu Hüreyrə” adlı adam pişiklərlə o qədər çox oynayırdı ki, peyğəmbərimiz onu “pişik atası” kimi çağırırdı. Hətta həmin adamın peyğəmbər tərəfindən bu cür adlanması xoşuna da gəlirdi. Ona görə də, qara pişik haqqında bu kimi mənfi mənalı inanclara etiqad bəsləməyin heç bir mənası yoxdur”

Göründüyü kimi, İslam dininə görə qara pişik uğursuz sayılmır.

Bəs bu rəngdə olan pişiklərin “uğursuz” hesab edilməsi haradan qaynaqlanır?

media-inshot_20250708_170904399

Patrulaz.az-ın araşdırmasına görə, bu inanc əsasən orta əsr Avropasında formalaşıb. O dövrün qorxu dolu mühiti, kilsə qadağaları və cadugərliklə bağlı panikası qara pişiyin mənfi simvol kimi qəbul edilməsinə səbəb olub. Hətta 1233-cü ildə Papa IX Qriqori tərəfindən elan olunan “Vox in Rama” bullasında qara pişiklər “şeytani varlıq” kimi təqdim olunurdu.

Bəzi mənbələrə görə, qədim dövrlərdə insanların yanında qara pişik olduqda onların cadugər olduğu düşünülürdü. Buna görə də XIV–XVII əsrlərdə qadınların evində qara pişik tapılması onları cadugərlikdə ittiham etmək üçün kifayət sayılırdı. O dövrlərdə yalnız pişiyin rəngi deyil, gözlərinin parıltısı da uğursuzluq əlaməti kimi qəbul edilib. Ona görə ki, o dövrün dar və işıqsız küçələrində qara pişiyin qəfil görünməsi atları, arabaları və ya piyadaları qorxudurdu. Bu kimi hadisələr sonradan “qarşıma çıxdı, bədbəxtlik gətirdi” kimi batil inancın yayılmasına səbəb oldu. Daha sonra bu inanclar Avropadan ABŞ-yə köçən puritan icmalar tərəfindən də yaşadıldı. 1692-ci ildə baş verən məşhur Salem cadugər məhkəmələri zamanı da qara pişik “cadugərin heyvanı” adlandırılmışdı. Sonradan “Hollivud” filmləri və pop mədəniyyət, xüsusilə Halloween simvolları bu təsəvvürləri bütün dünyaya yaydı.

Dənizçilər arasında uğurlu sayılan qara pişik…

media-retouch_2025070817252452

Bir çox digər mədəniyyətlərdə qara pişiyin tam əksinə, uğur və qoruyucu rəmz olduğu düşünülür. Məsələn, İngilis dənizçiləri arasında inanca görə, gəmidəki qara pişik fırtına zamanı şər ruhları özünə çəkərək ekipajı qoruyurmuş. Bu inanc Şimali İngiltərə və Şotlandiyada hələ də yaşamaqdadır.  Hətta XVII əsr Şotlandiyasında  evin qapısında qara pişiyin görünməsi var-dövlətin gələcəyinə işarə sayılırdı.

Bir sözlə, qara pişik haqqında formalaşan inanc dini və mədəni baxışlara əsaslanır. Reallıqda isə pişiyin rəngi insanın taleyinə təsir etmir.

 Gülbəniz Səfərova


Bənzər xəbərlər