""Qarabağ" Çempionlar Liqasında 45 milyon manata qədər mükafat qazana bilər" – Emin Abbasov
Avqustun 20 və 28-də “Qarabağ” futbol klubu Macarıstanın “Ferentsvaroş”una üstün gələrək UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyi bacardı.
Dünənki matç boyunca həyəcan bir an olsun səngimədi: Bəhlul Mustafazadənin müdafiədəki qətiyyəti, Jan Kovalskinin rəqib hücumlarını “panter” çevikliyi ilə dəf etməsi, Nəriman Axundzadənin cəsarətli ötürmələri, Abdulla Zubir və Leandro Andradenin dəqiqliklə vurduğu qollar oyuna damğa vurdu. Bir sözlə, cavab oyununda futbolçularımız məğlubiyyəti də qalibiyyətlə nəticələndirməyi bacardı. Bu gün isə Monakoda keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi ilə “Qarabağ”ın rəqibləri müəyyənləşəcək.
Bəs maraqlıdır, bundan sonra Çempionlar Liqasında “Qarabağ”ı nələr gözləyir?
Dünənki oyunu və Ağdam təmsilçisinin ÇL-dəki gələcək imkanlarını Patrulaz.az-a şərh edən futbol üzrə ekspert Emin Abbosov bildirib ki, əgər “Qarabağ” turnirdə irəliləməyi bacarsa, klub 45 milyon manatadək mükafat qazana bilər:
“Qarabağ”ın 8 illik aradan sonra yenidən Çempionlar Liqasının əsas mərhələsinə düşməsi futbolumuz adına da, ölkəmiz üçün də tarixi hadisədir. Bu, hərtərəfli uğurdur. Birincisi, belə mötəbər yarışda oynamaq prestijdir. İkincisi isə yaxşı maddi qazancdır. “Qarabağ” Liqa mərhələsinə düşməklə 18,62 milyon avro əldə etdi. Bu mərhələyə qədər qazandığını və bundan sonra mümkün gəlirləri nəzərə alsaq, UEFA-dan bu mövsüm toplam 40-45 milyon manata qədər mükafat ala biləcəklər”.
Ekspertin sözlərinə görə, “Qarabağ”ı Çempionlar Liqasının Liqa mərhələsində ciddi sınaqlar gözləyir:
“ÇL-in Liqa mərhələsində “Qarabağ”ı 8 oyun gözləyir. Rəqiblər arasında 2-3 nəhəng klubun olacağı dəqiqdir. Təbii ki, “Qarabağ”ın qarşısına “Real”, “PSJ”, “Liverpul” kimi böyük klublarla oyunlarda nəticə qazanmaq şərti qoymaq olmaz. Bu, daha çox “Qarabağ”a təcrübə qazandıracaq. Rəqiblərdən asılı olaraq, 1 qələbə və 2 heç-heçə qazansa, başqa cür desək, aktivinə 5-6 xal yaza bilsə, qənaətbəxş nəticə və əlavə gəlir demək olacaq. Çünki Liqa mərhələsində hər qələbəyə görə 2,1 miyon avro, heç-heçəyə görə isə 750 min avro mükafat verilir”.
Emin Abbasov son olaraq, Qurban Qurbanovun, həmçinin komandasının böyük beynəlxalq təcrübəyə malik olduğunu xatırlatsa da, bu mərhələdə onların çətinliklərlə ayaqlaşmasının vacib olduğunu qeyd edib:
“Qurban Qurbanovun komandası ardıcıl 12-ci mövsümdür ki, avrokuboklarda qrup mərhələsində iştirak edir. Həm klub kimi, həm də baş məşqçi olaraq böyük təcrübəyə malikdilər. Sadəcə ÇL səviyyəsinə görə Avropa Liqasından da, Konfrans Liqasından da çox fərqlənir. Ona görə buradakı şərtlərlə ayaqlaşmaq çətindir. Amma unutmayaq ki, “Qarabağ” 8 il əvvəl ÇL-də “Atletiko” Madrid kimi rəqiblə hər iki oyunda heç-heçə edə bilmişdi”.
Gülbəniz Səfərova






