"Qaradağlı faciəsi Birinci Qarabağ müharibəsinin ən ağır və qanlı səhifələrindən biridir" - Vasif Qafarov
Bu gün ermənilərin Qarabağda Azərbaycan xalqına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən biri olan Qaradağlı faciəsindən 34 il ötür.
Xalqımızın yaşadığı ağrılı-acılı günləri unutmamaq və unutdurmamaq üçün Qaradağlı faciəsi barədə Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarova müraciət etdik.
Deputat Patrul.az-a açıqlamasında xatırladıb ki, Qaradağlı faciəsi Birinci Qarabağ müharibəsinin ən ağır və qanlı səhifələrindən biridir:
“Bu hadisə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində baş verib. Hadisənin tarixi kontekstinə nəzər saldıqda görürük ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatçı hərəkatın güclənməsi regionda gərginliyi artırdı, SSRİ-nin dağılması fonunda mərkəzi hakimiyyətin zəifləməsi isə bölgədə təhlükəsizlik boşluğu yaradaraq münaqişəni açıq silahlı qarşıdurma mərhələsinə gətirdi. Məhz bu şəraitdə 1991-1992-ci illərdə azərbaycanlıların yaşadığı bir çox kəndlər ardıcıl şəkildə hücumlara məruz qaldı, Qaradağlı kəndi də strateji mövqedə yerləşdiyinə görə hədəfə çevrildi, uzun müddət mühasirədə saxlanıldı və kəndə gedən yollar bağlandığı üçün əhali ərzaq, tibbi yardım və digər zəruri imkanlardan faktiki olaraq məhrum edildi.
1992-ci il fevralın 17-də kəndə edilən silahlı hücum nəticəsində Qaradağlı işğal olundu, kənd sakinlərinin bir hissəsi yerindəcə qətlə yetirildi, bir hissəsi isə girov götürüldü. Rəsmi məlumatlara görə, faciə zamanı 90-dan artıq kənd sakini öldürülub, onlarla insan əsir alınıb. Qətlə yetirilənlər arasında qadınların, yaşlıların və kəndi tərk edə bilməyən mülki şəxslərin olması bu hadisənin sırf hərbi əməliyyat kimi deyil, mülki əhaliyə qarşı soyqırımı aktı kimi qiymətləndirilməsinə əsas verir, çünki sağ qalan şahidlərin ifadələri əsasında əsirlərə qarşı qeyri-insani rəftarın, işgəncələrin və insan ləyaqətini alçaldan davranışların tətbiq edildiyi bildirilir. Mülki əhalinin qəsdən hədəfə alınması və əsirlərə qarşı işgəncələrin həyata keçirilməsi beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının əsas prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilər və bu baxımdan Qaradağlı faciəsi müharibə cinayətləri kontekstində araşdırılmalı olan hadisələr sırasına daxildir”.

Tarixçinin sözlərinə görə, Qaradağlı faciəsi Xocalı soyqırımından bir neçə gün əvvəl baş verməsi ilə də diqqət çəkir:
“Bu fakt 1992-ci ilin fevralında Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı zorakılığın daha geniş miqyasda baş verdiyini göstərən ümumi mənzərənin tərkib hissəsi kimi qiymətləndirilir. Hadisənin nəticəsi olaraq Qaradağlı kəndi tamamilə boşaldıldı, sakinləri məcburi köçkün vəziyyətinə düşdü, kəndin evləri və infrastrukturu dağıdıldı, bu isə təkcə fiziki yerdəyişmə deyil, eyni zamanda ailələr və bütöv bir icma üçün uzunmüddətli sosial-psixoloji travma yaratdı. Bu faciə yüzlərlə insanın həyatına ağır təsir göstərməklə yanaşı, Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında dərin iz buraxıb və münaqişənin humanitar nəticələrinin simvoluna çevrilib”.
“Bu gün Qaradağlı faciəsinin xatırlanması yalnız keçmişi anmaq məqsədi daşımır, həm də gənc nəsildə tarixi yaddaşın formalaşması, müharibənin fəsadlarının daha dərindən dərk olunması və gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün tarixi dərslərin çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Qaradağlı hadisəsi bir tərəfdən konkret bir kəndin faciəsi, digər tərəfdən isə XX əsrin sonlarında Cənubi Qafqazda baş verən etnik-siyasi qarşıdurmaların mülki əhali üzərində yaratdığı ağır nəticələrin açıq nümunəsi kimi dəyərləndirilir və nəticə etibarilə Azərbaycan tarixində unudulmamalı, araşdırılmalı və gələcək nəsillərə faktlara əsaslanaraq çatdırılmalı olan ən ağrılı hadisələrdən biri kimi qalır”,– deyə o əlavə edib.
Ləman Sərraf






