media-inshot_20260303_105956937

Qazaxıstan AZAL-a məxsus təyyarə qəzası ilə bağlı aparılan istintaqın mümkün qədər tez başa çatdırılması üçün bütün səylərin səfərbər edildiyini açıqlayıb.

Patrul.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aktauda AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzasını araşdıran komissiya hələlik istintaqın yekunlaşma vaxtını müəyyən etməyib.

“İstintaq üçün son tarix müəyyən edilməyib. Lakin komissiya araşdırmanı mümkün qədər tez başa çatdırmaq üçün bütün səylərini səfərbər edib”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk arasında keçirilən görüşdə dövlət başçısı AZAL təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda praktik addımlar atılacağını bildirib.

Aleksey Overçuk isə qeyd edib ki, Rusiya və Azərbaycan faciə ilə bağlı bütün məsələlərin həlli istiqamətində əlavə addımlar barədə razılığa gəliblər.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərindən 3 kilometr aralıda qəzaya uğrayıb. Qəza zamanı 62 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarədə 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında xarici fiziki və texniki müdaxiləyə məruz qalıb, idarəetməni itirib və Aktau şəhərində təcili eniş etməyə cəhd göstərərkən qəzaya uğrayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib.

Qeyd edək ki, təyyarə sonuncu dəfə 18 oktyabr 2024-cü ildə texniki baxışdan keçmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər