“Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistan cəmiyyətində qorxu yaradıb” - ŞƏRH
“Ermənistanla Azərbaycan arasında hazırda sülhlə əlaqədər aparılan danışıqlara, gedən proseslərə geosiyasi faktorların çox böyük təsiri var, dolayısı ilə regional aktorlar, Avropa İttifaqı bu prosesə təsir etməyə çalışır. Diqqət etsək Ermənistan çalışır ki, danışıqları yenidən Avropa müstəvisinə gətirsin, bir növ indi tərəflər arasında mübarizə daha çox panavropa məkanı üzərində aparılır”.
Bu fikirləri Patrulaz.az– açıqlamasında Ermənistanın Qərbi Azərbaycanla bağlı yaydığı iftira və təhdid dolu bəyanatları şərh edərkən siyasi şərhçi Vüqar Əhmədov deyib.
O vurğulayıb ki, indi Azərbaycan daha üstün vəziyyətdədir:
“Əgər əvvəllər biz Avropa və Qərb platformalarından Ermənistanın Qarabağın işğalına etiraz edirdiksə, indi daha çox Qərbi Azərbaycan məsələsini və həmvətənlərimizin Qərbi Azərbaycana qayıdış məsələsini qaldırmağa başlamışıq. Bütün bunlar isə Ermənistan tərəfdə və ümumiyyətlə erməni cəmiyyəti və icmasında böyük qorxu yaradıb. Bilirik ki, kilsə Ermənistanda daha millətçi və radikal bir kəsimdir, ona görə ən kəskin və radikal bəyanatlar məhz onların adı ilə verilir. Üstəlik bu kəsim ümumiyyətlə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasında maraqlı deyildir, Qərbdə və Avropada xristianlıq statusundan istifadə edərək sülh əleyhinə təbliğat aparır, Azərbaycana qarşı bəyanatlar verir”.
Mədəni irs məsələsinə gəlincə isə siyasi şərhçi qeyd edib ki, erməniləri və erməni kilsəsinin mədəni irsdən danışmağa mənəvi haqqı yoxdur:
“Çünki həm Ermənistanda, həm Qarabağda azərbaycanlılara məxsus mədəni irsi və dini abidələri məhv edib dağıdan məhz erməni millətçiləridir və bu gün Azərbaycan tərəfi haqlı olaraq bu məsələni Avropada gündəliyə çıxarır və həqiqətləri Avropa icmasının diqqətinə çatdırmağa çalışır”.
Ləman Sərraf