media-img_2224

“Ölkə Prezidenti cənab İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciət həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpası istiqamətində mühüm siyasi mesajdır. Bu çıxış Azərbaycan dövlətinin insan hüquqlarına əsaslanan prinsipial və ardıcıl siyasətinin növbəti təzahürüdür”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

O bildirib ki, Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi milli yaddaş və kimlik məsələsi ilə yanaşı, eyni zamanda fundamental insan hüquqları kontekstində yanaşılmalı olan qlobal hüquqi məsələdir:

“Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olunması yolunda mühüm və simvolik əhəmiyyət daşıyır. Etnik təmizləmə nəticəsində yurd-yuvalarından didərgin salınmış yüz minlərlə insanın öz vətənlərinə dinc yolla qayıtmaq hüququ təmin olunmalıdır. Bu, həm də beynəlxalq ictimaiyyətin üzərinə düşən mənəvi və hüquqi məsuliyyətdir.

Dövlət başçımızın müraciətində xüsusi yer alan Azərbaycan–Türkiyə müttəfiqliyi və qardaşlığı bölgədə sabitliyin və ədalətin bərqərar olmasında həlledici rol oynayır. Bu münasibətlər yalnız hərbi-siyasi deyil, eyni zamanda humanitar və hüquqi aspektlərdə də bölgəyə dayanıqlı sabitlik və əməkdaşlıq mühiti qazandırır”.

media-314f8214-0871-4a27-91a8-26f124d149a2
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu gün Qərbi Azərbaycana Qayıdış konsepsiyasını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə təqdim etməsi, ölkəmizin sülhə, ədalətə və insan haqlarına əsaslanan modern diplomatiyasının parlaq göstəricisidir:

“Dövlət başçımız Cənab İlham Əliyevin bu müraciəti həm dünyaya ünvanlanan güclü mesaj, həm də bütün soydaşlarımıza verilən ümid və mənəvi dayaqdır.

Çox yaxın gələcəkdə tarixi ədalət bərpa olunacaq, insan hüquqları zəfər çalacaq və Qərbi Azərbaycana Böyük Qayıdış reallığa çevriləcək”.

Ləman Sərraf


Bənzər xəbərlər