media-6d6d9d18-3a01-4a2e-a64c-0af7cdde4cab

Qış fəslinin başlamasına sayılı günlər qalıb və artıq soyuq hava özünü hiss etdirməyə başlayıb. Bəzi insanlar üçün qış ilham, rahatlıq və isti ev mühitini xatırladır. Amma hamı üçün belə deyil,  bu aylarda özünü yorğun, həvəssiz, hətta səbəbsiz kədərli hiss edənlərin sayı da azalmır.

Bəs niyə qış depressiyası bu qədər yayılıb?

Patrul.az-ın araşdırmasına görə, əsas səbəblərdən biri gün işığının azalmasıdır. Qışda günlər qısalır, hava daha tez qaralır və insan orqanizmi günəşdən aldığı işığı əvvəlki kimi qəbul edə bilmir. Günəş işığı beynin serotonin adlı xoşbəxtlik hormonunun ifrazını artırır. Gün işığı azaldıqca serotonin səviyyəsi də aşağı düşür və nəticədə insan özünü daha kefsiz, gərgin və enerjisiz hiss etməyə başlayır.

Digər tərəfdən, qaranlığın tez düşməsi melatonin hormonunun artmasına səbəb olur. Melatonin daha çox “yuxu hormonu” kimi tanınır və bədəndə artdıqca insanın gecə-gündüz ritmi pozulur. Bu isə yuxululuq, halsızlıq və motivasiyanın azalmasına gətirib çıxarır. Yəni qış aylarında bəzilərinin “heç nəyə həvəsim qalmayıb” deməsi tamamilə bioloji proseslərlə bağlıdır.

Soyuq hava da əhval-ruhiyyəyə təsirsiz ötüşmür. Çöldə gəzmək, sosial fəaliyyətlər, idman və gün işığına çıxmaq azalır. İnsan evdə daha çox vaxt keçirir və passiv həyat tərzi psixoloji vəziyyəti ağırlaşdırır. Tədqiqatlar göstərir ki, fiziki aktivliyin azalması depressiyanın ən güclü tətikleyicilərindən biridir.

Bütün bunların fonunda qış aylarında “mövsümi affektiv pozğunluq” adlandırılan vəziyyətin artması tamamilə normaldır. İnsan sanki enerjisini tapmır, daha çox yatmaq və heç nə etmədən gün keçirmək istəyir.

Bir sözlə, qışın gətirdiyi kədərli ovqatın arxasında həm bioloji, həm də psixoloji faktorlar dayanır. Buna görə də özünüzü bu aylarda bir qədər həssas hiss etsəniz, bunu zəiflik kimi deyil, orqanizmin normal reaksiyası kimi qəbul edin.

Ləman Sərraf


Bənzər xəbərlər