Qış soyuqları niyə qayıtmır? Səbəbi budur - Ekoloq AÇIQLADI
Azərbaycanda bu il qışın sərt keçəcəyi ilə bağlı məlumatlar yayılır. Ölkəmizdə son illərdə isə fəsillər arasında ciddi uyğunsuzluq müşahidə olunur. Belə ki, qış aylarında qar az yağır, yayda isə temperatur normadan kənara çıxır.
Bəs havanın ekosistemindəki bu dəyişkənliyin əsas səbəbi nədir?
Bu barədə ekoloq Sadiq Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri sənaye və yanacaq istehlakının artırdığı CO₂ və digər qazların təsiri nəticəsində temperaturun yüksəlməsi və fəsillərin pozulması ilə özünü göstərir:
“Əsasən iqlimdə baş verən dəyişikliklər sənayenin inkişafı, yanacaq istehlakının artması, həddindən artıq yandırılması və atmosferə atılan antropogen qazların, yəni CO₂-nin həcminin artması ilə bağlıdır. Hazırda karbon dioksidin həcmi 37 milyard tona çatıb. Bununla yanaşı, metan qazının, azot oksidlərinin və həmçinin soyutma sistemlərində, kondisionerlərdə və digər texniki avadanlıqlarda istifadə olunan digər freon tipli qazların həcmi də sürətlə artır. Bu proseslərin hamısı yanacaqdan həddindən artıq istifadə və yanma nəticəsində davam edir. Məsələn, noyabr ayında hava şəraitinin normadan isti keçməsini müşahidə etdik. Dekabr ayında isə vəziyyət kəskin dəyişə və yenidən isti hava davam edə bilər. Buna artıq biz uyğunlaşmalı, öyrəşməliyik, çünki iqlim dəyişiklikləri temperatur rejimini ciddi şəkildə dəyişib. Qış aylarında ənənəvi soyuqların yaşanmaması, buzlaqların əriməsi, dağ zirvələrində qar örtüyünün azalması su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu isə kənd təsərrüfatında və içməli su təminatında problemlərin yaranmasının əsas səbəblərindən biridir”.

S. Həsənov iqlim dəyişikliyinin təsirlərini zəiflətməyin yollarını da açıqlayıb:
“Burada əsas yol sənaye mənşəli qazların — CO₂, metan və azot oksidlərinin emissiyasının azaldılması və ya dayandırılmasıdır. Bu isə, bir mənalı şəkildə, fosil yanacaqlardan istifadənin azalmasını tələb edir. Hazırda dünya üzrə təxminən 100 milyon barel həcmində fosil yanacaq,yəni neft istifadə olunur və bu istifadənin artımı hələ də davam edir.Bu keçid çətin olsa da, zəruridir. Çünki BMT-nin iqlim dəyişikliyi ilə bağlı qəbul etdiyi konvensiyalar və konfranslarda ölkələr üçün hədəflər müəyyən edilib, həmin hədəflərə çatmaq üçün tövsiyələr verilir və inkişaf etməkdə olan ölkələrə müvafiq layihələrin icrası üçün maliyyə dəstəyi ayrılır. Məqsəd iqlim dəyişikliyinin təsirlərini azaltmaqdır”.
Ekoloq sözlərinə görə, gələcəkdə anormal istilər və temperatur fərqləri dekabrda ciddi fəsadlar yarada biləcəyindən iqlimdəki dəyişikliklərin təsiri yumşaldılmalıdır:
“Gələcəkdə müşahidə etdiyimiz səs-küy hadisələri və anormal istilər, məsələn, 17–18 dərəcə selsi arasında olan temperatur, noyabr ayı üçün orta temperaturun təxminən 10 dərəcə selsi olması nəzərdə tutulduqda, dekabrda daha ciddi fəsadlarla müşahidə oluna bilər. Bu fərqləri tez aradan qaldırmaq və temperaturdakı dəyişiklikləri stabilləşdirmək üçün iqlimdə baş verən dəyişikliklərin təsiri yumşaldılmalıdır”.
Cəmilə Cəfərzadə






