media-inshot_20260415_195905671

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.

Bəs qlobal tendensiyalar fonunda Azərbaycanda da kommunal xidmətlərin qiymətlərinin artması mümkündürmü?

Patrul.az mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyevin fikirlərini öyrənib.

O bildirib ki, son illərdə dünyada enerji böhranları, geosiyasi risklər və inflyasiya dalğası kommunal xidmətlərin maya dəyərini artıran əsas amillərə çevrilib:

“Bir çox ölkələrdə qaz, elektrik və su tariflərinin bahalaşması dövlətlərin artan xərcləri kompensasiya etməsi və subsidiya yükünü azaltmaq cəhdləri ilə bağlıdır. Xüsusilə enerji infrastrukturunun yenilənməsi və yanacaq xərclərinin artması bu prosesləri sürətləndirir.

Azərbaycanın vəziyyəti müəyyən mənada fərqlidir. Ölkənin zəngin enerji resurslarına malik olması daxili bazarda qiymət sabitliyini müəyyən qədər qorumağa imkan verir. Lakin bu, tarif artımı riskini tam aradan qaldırmır. Enerji və su təsərrüfatında infrastrukturun modernləşdirilməsi, texniki itkilərin azaldılması və xidmət keyfiyyətinin artırılması üçün böyük investisiyalar tələb olunur ki, bu da uzunmüddətli dövrdə tarif siyasətinə təsir edə bilər. Digər mühüm amil dövlət subsidiyalarının həcmi ilə bağlıdır. Əgər büdcə xərclərinin optimallaşdırılması zərurəti yaranarsa, kommunal sektorda subsidiyaların mərhələli şəkildə azaldılması gündəmə gələ bilər. Bu halda tariflərdə müəyyən korrektələrin edilməsi iqtisadi baxımdan mümkün ssenari kimi qiymətləndirilə bilər”.

media-inshot_20260415_195255638

İqtisadçı qlobal tendensiyalar fonunda Azərbaycanda kommunal xidmətlərin qiymətlərinin artması ehtimalı mövcud olduğunu söyləyib:

“Lakin bu artımın kəskin deyil, daha çox mərhələli və sosial amillər nəzərə alınmaqla həyata keçirilməsi daha real görünür. Dövlətin sosial rifahı qorumaq prioriteti nəzərə alınarsa, mümkün dəyişikliklərin idarəolunan və tədrici xarakter daşıyacağı ehtimal edilir”.

Ləman Sərraf


Bənzər xəbərlər