media-photo-output

Azərbaycanda 2025-ci il 1 iyuldan qüvvəyə minən dəyişikliyə əsasən, qohumlar arasında nikah qadağandır. Bəs qadağaya baxmayaraq, rəsmi nikahsız birlikdə yaşamaq, dini nikah bağlamaq, valideynin formal imtinası və digər yollarla evlilik görüntüsü yaratmağa cəhd edən şəxsləri hansı cəzalar gözləyir?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qohumlar arasında nikah və onun bütün formaları 2025-ci ildən etibarən qadağandır və məsuliyyət yaradır:

“2025-ci il 1 iyul tarixindən etibarən Azərbaycanda qohumlar arasında nikahın qadağan edilməsi ailə hüququnda olduqca ciddi dəyişiklikdir. Qadağa yalnız dövlət qeydiyyatından keçmiş nikahlarla məhdudlaşmır; faktiki birlikdə yaşamaq, dini nikah bağlamaq və ya valideyn razılığından formal istifadə etməklə “nikah effekti” yaratmaq cəhdləri də hüquqi baxımdan qiymətləndirilir. Qanunvericilikdə qohumların evliliyinə dair ayrıca məsuliyyət norması müəyyən edilməsə də, İnzibati Xətalar Məcəlləsinin (İXM) 189-1 və 189-2-ci maddələri, eləcə də Cinayət Məcəlləsinin (CM) 176-1 və 176-2-ci maddələri belə halların mahiyyətinə uyğun olaraq tətbiq oluna biləcək məsuliyyət mexanizmlərini formalaşdırır. Beləliklə, qadağan olunmuş qohumluq əlaqəsi çərçivəsində evliliyə yönəlmiş addımlar, xüsusilə yetkinlik yaşına çatmayan şəxslə bağlı olduqda, inzibati və cinayət məsuliyyəti riskini ciddi şəkildə artırır.

İXM-in 189-1-ci maddəsi on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağı qadağan edir və bu halı törədən valideynlərə, tərbiyəçilərə və ya digər yetkin şəxslərə min manatdan iki min manatadək cərimə və ya bir aydan iki ayadək inzibati həbs nəzərdə tutur. Qanun əlavə olaraq bildirir ki, məsuliyyət yalnız yaş fərqi beş ildən çox olduqda yetkin şəxslə bağlı yaranır. Bundan başqa, 189-2-ci maddə yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı nişan, toy və digər mərasimlərin keçirilməsini qadağan edir və ictimai iaşə obyektlərinin rəhbərlərinə min manatdan on üç min manatadək cərimə tətbiq edir. Bu müddəalar “erkən evlilik” anlayışına yalnız rəsmi nikahı deyil, nikah bağlanmadan ailə qurmaq məqsədilə yaradılan faktiki ittifaqları da daxil edir və belə cəhdləri hüquqi nəzarət altına alır”.

R. Qaraşov bildirib ki, qohumlar arasında nikah beynəlxalq təcrübədə də qadağandır və bir çox ölkələrdə ciddi cinayət məsuliyyəti doğurur:

“Daha ağır halların hüquqi qiyməti Cinayət Məcəlləsində əksini tapıb. CM-in 176-1-ci maddəsinə əsasən, şəxsi nikaha daxil olmağa məcbur etmək iki min–üç min manat cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır; nikah yaşına çatmayan şəxsin erkən evliliyə məcbur edilməsi isə (176-1.2) üç min–dörd min manat cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə ilə nəticələnir. CM-in 176-2-ci maddəsi isə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə iki min–üç min manat cərimə, azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur. Qanun bu maddələrdə də bildirir ki, yetkin şəxsin məsuliyyəti yalnız tərəflər arasında yaş fərqi beş ildən çox olduqda yaranır. Bu çərçivə həm preventiv, həm də cəza xarakterli mexanizm kimi erkən evliliklərin qarşısını almağa xidmət edir.

Qohumlar arasında nikahın qadağan edilməsi beynəlxalq təcrübədə geniş şəkildə tətbiq olunan hüquqi tələblərdəndir. Almaniya və İsveçrə kimi Avropa ölkələrində birinci dərəcəli qohumların evliliyi cinayət məsuliyyəti doğurur və hüquqi olaraq tanınmır. ABŞ-ın əksər ştatlarında da bu cür ittifaqlar qəti şəkildə qadağandır, bəzi ştatlarda isə dini mərasim şəklində belə rəsmi görünüş əldə etməsi cinayət hesab edilir. Bu nümunələr göstərir ki, qohumlar arasında evliliyin qadağan olunması genetik risklərin azaldılması və ailə institutunun qorunması məqsədi daşıyan universal hüquqi tendensiyadır. Azərbaycanın son qanunvericilik islahatları da məhz bu beynəlxalq təcrübə ilə uzlaşır”.

Vəkil sonda əlavə edib ki, qohumlar arasında evlilik cəhdləri yeni qanunvericilikdə məsuliyyətdən azad olunmur və belə ittifaqlar dövlət tərəfindən tanınmır:

“Beləliklə, qohumlar arasında nikahın qadağan edilməsinə baxmayaraq faktiki birlikdə yaşamaq, dini nikah bağlamaq və ya müxtəlif formal sxemlərdən istifadə etməklə evlilik görüntüsü yaratmaq cəhdləri hüquqi məsuliyyətdən azad etmir. Əgər ittifaq yetkinlik yaşına çatmayan şəxslə bağlıdırsa, həm inzibati (İXM 189-1, 189-2), həm də cinayət məsuliyyəti (CM 176-1, 176-2) tətbiq oluna bilər; tərəflər yetkin olsa belə, qohumluq münasibəti mövcuddursa, belə ittifaqlar dövlət tərəfindən tanınmır. Yeni hüquqi çərçivə ailə institutunun müdafiəsinə, erkən və riskli evliliklərin qarşısının alınmasına yönəlib”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər