media-photo-output

Son günlər rayonlardan Bakıya işçi axını sürətlənib. Bu, şəhərdə sıxlıq və tıxacların artmasına, sosial-iqtisadi problemlərin yaranmasına səbəb olur. Bəs rayonlarda iş yerlərinin az olması sosial-iqtisadi baxımdan hansı problemlər yaradır və bu vəziyyətin həlli üçün hansı tədbirlər görülə bilər?

Bu barədə Patrul.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimov bildirib ki, rayonlarda işsizlik və maaş fərqləri səbəbindən insanlar Bakıya köçür və bu həm sosial, həm də iqtisadi problemlər yaradır:

“Rayonlarda işsizlik səbəbindən bölgələrdən Bakıya axın sürətlənib və artıq Bakıda vəziyyət idarəolunmaz səviyyəyə çatıb. Bu, həm tıxac baxımından, həm də ümumiyyətlə insan sıxlığı baxımından ciddi problemlər yaradır. Problemin həlli üçün hökumət konkret olaraq bölgələrdə iş yerlərinin sayını artırmalıdır. Eyni zamanda əsas məsələ bölgələrdəki maaşların paytaxt və iri şəhərlərlə, məsələn, Bakı və Sumqayıt ilə müqayisədə fərqli olmasıdır. Eyni işi görən adam eyni şirkətlərdə bölgələrdə daha az maaş alır, Bakıda isə daha yüksək maaş alır. Məsələn, eyni işi görən bank işçisi Bakı filialında 600 manat alırsa, bölgələrdə həmin işi görən işçi 450 manat alır. Bu fərq nə dərəcədə düzgündür?

İnsanlar haqlı olaraq şəhərdə yaşamaq və işləmək istəyirlər, çünki əmək haqqı yüksəkdir. Bu uçurum aradan qaldırılmalıdır. Çünki ərzaq qiymətləri Bakıda və bölgələrdə eynidir. Eyni qiymətə alırsansa, maaş niyə az olmalıdır? Bölgələrdə supermarketlərdə maaşlar 400 manatdır, amma məşhur supermarketlərdə maaşlar 550–600 manat olur. Son vaxtlar supermarketlər işçilərinə alış-veriş kartları ilə əlavə imtiyazlar da verirlər. Bölgələrdə yaşayanlar bundan faydalana bilmir, bu isə ayrı-seçkilik faktıdır”.

Sosioloqun sözlərinə görə, rayonlarda işçilər həm istismara məruz qalır, həm də az maaş alır, amma məşğulluq agentliyi bu problemi effektiv həll etmir:

“Onsuz da əmək bazarında istismar mövcuddur. Eyni işi görmələrinə baxmayaraq, həm Bakıda, həm də bölgələrdə işləyən işçilər istismara məruz qalırlar, amma bölgələrdə işləyənlər dəfələrlə az maaş alır. Problem əsasən bundadır. Bununla bağlı məşğulluq obyektləri işsizlik problemini həll etməli olduğu halda, sanki məşğulluqla məşğul olur kimi görüntü yaradırlar. Bizdə məşğulluq agentliyi işsizliyin aradan qaldırılması ilə bağlı heç bir iş görmür. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin varlığı ilə yoxluğu arasında heç bir fərq yoxdur. Məsələ ondadır ki, məşğulluq agentliyi insanlara sadəcə dirnaq arası əmək yarmarkaları təşkil edir. Şəhərlər və bölgələrdə həmin yarmarkalarda insanlara təklif olunan işlər əsasən supermarketlərdə satış işidir. Halbuki supermarketlər həmin işi görəcək işçiləri özləri də tapa bilərlər, yarmarkada iştirak etməyə ehtiyac yoxdur. Məşğulluq agentliyi normal iş təklif etməli və işçiləri normal əmək haqqı ilə təmin etməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər