media-inshot_20251226_192900464

Son illərdə ali məktəblərə qəbul prosesi ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də repetitor hazırlığının zəruriliyi məsələsidir. Bir çox valideyn və abituriyent hesab edir ki, yüksək nəticə əldə etmək üçün mütləq repetitor yanına getmək lazımdır, digərləri isə məktəb dərsləri və fərdi hazırlığın kifayət etdiyini düşünür.

Bəs repetitor yanına getmədən ali məktəbə qəbul olmaq mümkündürmü?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, repetitorsuz qəbul mümkündür, amma mövcud sistemdə bu, çox nadir hallarda baş verir:

“Nəzəri baxımdan bu imkan mövcuddur. Ancaq hazırkı qəbul sistemi şəraitində bu hal çox nadir rast gəlinir. Çünki ali məktəblərə qəbul prosesi məktəb proqramına deyil, əsasən Dövlət İmtahan Mərkəzinin imtahan məntiqinə uyğun qurulub. Ümumtəhsil məktəblərində tədris olunan proqramla imtahanda tələb edilən bilik və bacarıqlar arasında ciddi uyğunsuzluq var. Şagird məktəbdə mövzunu öyrəndiyini düşünür, amma imtahanda həmin mövzu fərqli yanaşma, test texnikası və analitik düşüncə tələb edir.Məsələ təkcə biliklə məhdudlaşmır. İmtahan zamanı vaxtın düzgün bölünməsi, sualı doğru oxumaq, çaşdırıcı cavab variantlarını analiz etmək, psixoloji davamlılıq kimi bacarıqlar məktəb mühitində sistemli şəkildə formalaşdırılmır. Repetitor və kurslar isə bu boşluğu dolduraraq şagirdi imtahan formatına uyğunlaşdırır”.

media-inshot_20251226_192629103

Ekspertin sözlərinə görə, repetitorsuz qəbul olanlar olsa da, tədrislə qəbul sistemi arasındakı uyğunsuzluq səbəbindən repetitor hələ də əsas hazırlıq yolu olaraq qalır:

“Repetitorsuz qəbul olan şagirdlər var. Lakin bu hallar kütləvi xarakter daşımır. Belə nəticələr daha çox güclü akademik baza, uzunmüddətli və planlı fərdi hazırlıq hesabına əldə olunur. Bu isə sistemin ümumi mənzərəsini əks etdirmir. Problemin kökündə repetitorun mövcudluğu yox, ona ehtiyac yaranması dayanır. Məktəb şagirdi ali məktəbə hazır vəziyyətdə buraxmalı olduğu halda, qəbul mexanizmi ilə tədris prosesi arasında yaranan boşluq bu ehtiyacı qaçılmaz edir. Uyğunluq təmin olunmadıqca repetitor dəstək vasitəsi yox, əsas hazırlıq yolu olaraq qalacaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər