Restoranlarda servis haqqı kimə məxsusdur? - Vəkil açıqladı
Restoranlarda hesab üzərinə əlavə edilən “servis haqqı” bir çox müştəri üçün sual doğuran məsələlərdən biridir. Bu məbləğin kimə aid olduğu isə ölkədən-ölkəyə və müəssisənin daxili qaydalarına görə dəyişə bilər. Bəzi yerlərdə servis haqqı birbaşa xidmət göstərən personalın gəliri kimi bölüşdürülür, digər hallarda isə tamamilə müəssisənin ümumi gəlirinə daxil edilir.
Bəs hüquqi və praktiki baxımdan restoranlarda toplanan servis haqqı əsasən işçilərə məxsusdur, yoxsa müəssisə sahibinin gəliri sayılır?
Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a açıqlama verib.
Onun sözlərinə görə, hüquqi baxımdan servis haqqı əvvəlcə müəssisənin gəlirinə daxil olur və yalnız daxili qaydalar, əmək müqaviləsi və ya kollektiv sazişdə nəzərdə tutulduğu halda işçilərə ödənilə bilər:
“Hüquqi baxımdan müştərinin ödədiyi servis haqqı ilk mərhələdə restorana daxil olan pul vəsaitidir. Yəni kassadan keçən və xidmətin dəyərinin tərkibində rəsmiləşən məbləğ adətən müəssisənin dövriyyəsinin bir hissəsi kimi qəbul olunur. Azərbaycan Əmək Məcəlləsinə görə işçinin əmək hüquqları, o cümlədən əməkhaqqı və digər ödənişləri əmək müqaviləsi, kollektiv müqavilə, daxili qaydalar və əməyin ödənilməsi sistemi ilə müəyyən edilir. Buna görə qanunvericilikdə “restorandakı servis haqqı mütləq ofisiantlara verilməlidir” formasında birbaşa norma yoxdur. Əgər müəssisənin daxili qaydalarında, əmək müqaviləsində, bonus siyasətində və ya kollektiv sazişində servis haqqının tam və ya qismən işçilər arasında bölüşdürülməsi nəzərdə tutulubsa, həmin andan bu məbləğ işçilərin tələb edə biləcəyi əmək ödənişinə çevrilə bilər. Belə bir qayda yoxdursa, servis haqqı avtomatik olaraq işçiyə ödənilmir. Deməli, sırf “bu pul servis haqqıdır” ifadəsi hələ onun hüquqi olaraq işçiyə məxsus olduğunu sübut etmir”.
Vəkil qeyd edir ki, çaypulu ilə servis haqqı arasında fərq var:
“Burada “servis haqqı” ilə “çaypulu”nun fərqini ayırmaq lazımdır. Çaypulu adətən müştərinin könüllü verdiyi əlavə məbləğdir və praktikada daha çox xidməti göstərən əməkdaşa ünvanlanır. Servis haqqı isə əksər hallarda hesaba və ya hesab-fakturaya əvvəlcədən daxil edilən sistemli ödənişdir. Buna görə servis haqqı hüquqi mahiyyətinə görə daha çox müəssisənin qiymət siyasətinin elementi kimi çıxış edir. Müəssisə sonradan onu işçilər arasında bölüşdürə, öz gəliri kimi saxlaya və ya digər xərclərə yönəldə bilər. Lakin bu seçim daxili sənədlərlə tənzimlənməlidir. Əgər işçilərə illər boyu “servis haqqı sizindir” deyilərək ödəniş verilibsə, sonradan bu əsasız şəkildə dayandırılarsa, bu zaman əmək mübahisəsində formalaşmış əmək ödənişi praktikasına istinad etmək mümkündür. Lakin belə hallarda da həlledici sübut əmək müqaviləsi, maaş cədvəli, daxili əmrlər, hesablaşmalar və mühasibat sənədləri olacaq”.
Cəmilə Cəfərzadə






