“Riyad Ticarət Mərkəzi”nin yaxınlığındakı yerüstü piyada keçidi baxımsız vəziyyətdədir: Sakinlər narazılıq edir - VİDEO
Abşeron rayonunda, Riyad Ticarət Mərkəzi və Dost Mərkəzinin yaxınlığında yerləşən yerüstü piyada keçidi uzun müddətdir baxımsız vəziyyətdədir.
Patrul.az-a daxil olan şikayətlərdə qeyd olunur ki, keçid təmizlənmədiyi üçün pis qoxular və anti-sanitariya şəraiti yaranıb.
Sakinlər bildirirlər ki, “keçiddən keçərkən natəmizlik insanın ürəyini bulandırır.” Hər bir piyadanın təhlükəsizliyi və rahatlığı üçün nəzərdə tutulmuş bu infrastrukturun belə vəziyyətə düşməsi ciddi narahatlıq doğurur. Görünür, aidiyyatı qurumlar vəziyyətin ciddiliyini hələ də nəzərə almırlar. Əks halda, dövlət tərəfindən xərclənmiş vəsaitin müqabilində bu keçid baxımsız qalmazdı.
Məsələ yalnız piyada rahatlığı ilə məhdudlaşmır. Sakinlərin fikrincə, bu cür vəziyyət həm ətraf mühitin çirklənməsinə, həm şəhərin estetik görünüşünün pozulmasına, həm də rayonun ümumi imicinə zərər verir. Yerüstü keçidin ticarət mərkəzlərinin qarşısında yerləşməsi səbəbindən buradan keçən insanların əhval-ruhiyyəsinə də mənfi təsir göstərir.
Sakinlər Abşeron rayon İcra Hakimiyyətini və digər aidiyyatı qurumları bu məsələyə diqqət yetirməyə çağırır. Piyadaların hüquqlarını, təhlükəsizliyini və gündəlik rahatlığını təmin etmək üçün keçidin təmizlənməsi və əvvəlki vəziyyətinə qaytarılması vacibdir.
Aynur Nadirqızı






