Rusiya ABŞ-dən Maduro və həyat yoldaşının azad edilməsini tələb etdi
Rusiya BMT-də ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərəkətləri kəskin şəkildə qınayaraq, Karakasda keçirilən “Mütləq Qətiyyət” əməliyyatı zamanı saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının dərhal azadlığa buraxılmasına çağırıb.
Patrul.az “UNN”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Nebenzya qeyd edib ki, ABŞ-nin sözügedən addımları beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir:
“Biz ABŞ-nin beynəlxalq hüququ pozan hərbi əməliyyatlarını qəti şəkildə pisləyirik. Qanunsuz şəkildə saxlanılan Venesuela prezidenti və onun həyat yoldaşının dərhal azadlığa buraxılmasını tələb edirik. ABŞ ilə Venesuela arasında mövcud problemlər yalnız BMT Nizamnaməsində təsbit olunmuş dialoq və diplomatik yollarla həll edilməlidir”.
Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro yanvarın 3-nə keçən gecə paytaxt Karakasda ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) dəstəyi ilə Delta Force elit xüsusi təyinatlı bölməsinin həyata keçirdiyi “Mütləq Qətiyyət” əməliyyatı zamanı həyat yoldaşı ilə birlikdə saxlanılaraq Nyu-Yorka aparılıb.
Gülbəniz Səfərova






