“Rusiya ilə ABŞ arasında sıx təmaslar mövcuddur” - ŞƏRH
“Rusiya və Ukrayna nümayəndələri artıq iki görüş keçiriblər. Bu görüşlərdən biri Əl-Riyadda, digəri isə İstanbulda baş tutdu. Tramp isə Rusiya prezidenti ilə saat yarım davam edən telefon danışığından sonra bildirdi ki, Rusiya prezidenti ilə görüşəcək və Səudiyyə Ərəbistan vəliəhdinin bu məsələ ilə məşğul olduğunu vurğuladı. Görünən odur ki, vasitəçi qismində Səudiyyə Ərəbistanı çıxış edəcək”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Trampla Putinin görüşü üçün həqiqətən hazırlıqların getdiyini hesab edirəm: “Rusiya prezidenti Vladimir Putinin sözçüsü də belə bir görüşün baş tutacağını təsdiq edib. Ayrıca olaraq Putin Trampı Moskvada görmək istədiyini də bildirdi, Trampın isə buna münasibəti müsbət oldu.
Proseslərin gedişi ondan xəbər verir ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında artıq sıx təmaslar mövcuddur və proseslər bu ölkələr arasında razılaşdırılır. Çox güman ki, Rusiya ilə ABŞ arasında iqtisadi təmaslar da sürətlə bərpa olunacaq. Belə ki, Əl-Riyad görüşündə Rusiya Federasiyasının birbaşa Sərmayələr Fondunun rəhbəri də iştirak etdi. Görünən odur ki, Rusiya ilə ABŞ arasında təkcə Ukrayna məsələsi müzakirə predmeti deyil, hətta tərəflər üçün daha da vacib olan məsələlər müzakirə olunub.
Əl-Riyad görüşündən dərhal sonra səfirlərin təyin ediləcəyi də bildirildi və bu istiqamətdə artıq müvafiq addımlar atılıb. Buna görə də hesab edirəm ki, Putinlə Trampın yaxın zamanda görüşü baş tutacaq. Görüşdə isə əsas müzakirə obyekti Ukrayna məsələsi olacaq”.
Səbinə Hüseynli






