"Rusiya-Ukrayna müharibəsi iradə savaşına çevrilib" - ŞƏRH
Bu gün XXI əsrdə bəşriyyətin ən böyük fəlakətlərindən birinin, Rusiya-Ukrayna müharibəsinin başlamasından 4 il ötür. Müharibənin hazırkı dinamikası barədə politoloq Rəşad Bayramov Patrul.az-a şərh edib:
“Bu gün dörd il əvvələ qayıdaraq deyə bilərik ki, 2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğal cəhdi zamanla klassik sürətli müharibə modelindən çıxaraq uzunmüddətli, resursyönümlü və aşınma xarakterli qarşıdurmaya çevrildi. Hazırda da müharibənin dinamikasını həlledici strateji dönüş mərhələsi olaraq qəbul etmək mümkün deyil. Bu daha çox nəzarətli eskalasiya və məhdud taktiki dəyişikliklərlə müşayiət olunan uzanan müharibə modelidir.
Hazırkı hərbi vəziyyət göstərir ki, cəbhə xətti əsasən sabit qalsa da, lokal əks-hücumlar və mövqe dəyişiklikləri davam edir. Ukrayna ordusu müəyyən istiqamətlərdə məhdud ərazi üstünlükləri əldə etsə də, bu irəliləyişlər strateji dönüş yaratmaq üçün yetərli deyil. Rusiya tərəfi isə canlı qüvvə və texniki resurs üstünlüyünə arxalanaraq təzyiqi davam etdirir, lakin yüksək itkilər və logistika problemləri onun sürətli irəliləyiş imkanlarını məhdudlaşdırır. Nəticədə müharibə bir növ iradə savaşına çevrilib deyə bilərik. İndi əsas sual odur ki, hansı tərəf daha uzun müddət davam gətirə biləcək”.

Onun sözlərinə görə, siyasi rəhbərliklərin mövqeyi də prosesə birbaşa təsir göstərir:
“Ukrayna Prezidenti Volodimir Zelenski ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini vurğulayır və təhlükəsizlik zəmanətlərini prioritet sayır. Rusiya Prezidenti Vladimir Putin isə faktiki nəzarət etdiyi ərazilər üzərində legitimlik iddiasını qorumağa çalışır və müharibəni Qərbə qarşı daha geniş geosiyasi qarşıdurma kontekstində təqdim edir. Bu ziddiyyətli yanaşmalar təbii olaraq kompromis imkanlarını daraldır.
Diplomatik müstəvidə müxtəlif platformalarda təmaslar davam etsə də, danışıqların real nəticə verməsi hələlik çətin görünür. Əsas mübahisə mövzuları ərazi statusu, təhlükəsizlik zəmanətləri və mümkün atəşkəs mexanizmləridir. Ukrayna dayanıqlı sülhün yalnız beynəlxalq təminatlarla mümkünlütünü bildirir, Rusiya isə neytral və ya zəifləşdirilmiş Ukrayna görmək istəyir. Qarşılıqlı etimadsızlıq, xüsusilə əvvəlki razılaşmaların pozulması təcrübəsi səbəbilə, atəşkəsin monitorinqi və icrası mexanizmləri ən çətin müzakirə predmetlərindən biridir”.
R.Bayramov beynəlxalq kontekstin də müharibənin gedişinə həlledici təsir göstərməkdə davam etdiyini vurğulayıb:
“Avropa İttifaqı hərbi və maliyyə dəstəyini davam etdirsə də, bu dəstəyin intensivliyi daxili siyasi vəziyyətlə birbaşa bağlıdır. Bununla yanaşı, Qərb daxilində müəyyən yorğunluq və prioritetlərin dəyişməsi də müşahidə olunur ki, bu da Ukraynaya yardımı çətinləşdirir. Rusiyaya gəldikdə isə sanksiyalar Rusiya iqtisadiyyatına olduqca böyük təsir edib, amma hələ də tam strateji davranış dəyişikliyi yaratmayıb.
Mövcud vəziyyətin təhlili onu göstərir ki, müharibənin dayandırılması ehtimalı olduqca aşağıdır. Ən yaxşı halda mərhələli və şərti atəşkəsin əldə edilməsi mümkündür. Bu halda cəbhə xətti faktiki sərhədə çevrilə bilər, lakin münaqişə hüquqi baxımdan həll olunmamış qalar. Belə bir razılşmanın əldə olunmayacağı halda isə mövcud intensivliyin qorunması ilə müharibənin daha uzun müddət davam edəcəyini deyə bilərik. Hazırki şərtlərlə müharibənin dayandırılması xüsusilə xarici faktorların dəyişməsi və ya hərbi balansın qəfil pozulması fonunda mümkündür.
Mövcud dinamika göstərir ki, proses həm hərbi, həm də diplomatik müstəvidə paralel şəkildə davam edəcək və yekun nəticə yalnız cəbhədəki balansla deyil, beynəlxalq siyasi iradə və təhlükəsizlik arxitekturasının yenidən qurulması ilə müəyyən olunacaq”.
Ləman Sərraf






