"Sabahkı oyunda qol imkanlarından maksimum istifadə etsək, nəticə əldə edə bilərik" - Ceyhun Sultanov
Təmsilçimiz “Qarabağ”ın Çempionlar Liqasında növbəti oyunu “Çelsi”yə qarşı olacaq. Noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hər iki komandanın 6 xalı var. Top fərqinə görə “zadəganlar” 11-ci, Ağdam təmsilçisi isə 13-cüdür.
Bəs bu oyundan gözləntilər nədir? “Qarabağ” İngiltərə klubunun qarşısında necə nəticə göstərəcək?
Patrulaz.az oyunla bağlı futbol mütəxəssisi Ceyhun Sultanovun fikirlərini öyrənib:
“Düşünürəm ki, “Qarabağ” – “Çelsi” matçı çətin oyun olacaq. Bilirik ki, “Çelsi” nəyə qadirdir. Amma ümumilikdə “Qarabağ”ın oyun üslubu var. Köhlən atlar Avroliqalarda yaxşı oyunlar göstərir. Milli çempionata o dərəcədə də tam motivasiyalı olmasalar da, Çempionlar Liqasında tam fərqli “Qarabağ” görürük. “Qarabağ”ın qol imkanları olan anda ondan istifadə eləsələr, nəticə əldə edə biləcəyik”.

“Ümumilikdə Ağdam klubundan çox şey istəyirik, amma nəzərə almalıyıq ki, biz hansı çempionatda oynayırıq. Qarabağa uğurlar arzulayıram. Azarkeşlərimiz həmişə “Qarabağ”dan qələbə gözləyir. Məğlub da ola bilərik, bu normaldır. Əsas odur ki, müdafiədə səhv etməyək, qol imkanlarından maksimum istifadə etsək, nəticə əldə edə biləcəyik”,- deyə o əlavə edib.
Mütəxəssis Ağdam klubuna həmişə inandığını vurğulayıb:
“Əvvəla ona görə ki, köhlən atların oyun üslubu var. Bu olmasaydı, nəyəsə inanmaq olmazdı. Təbii ki, nəticə 90 dəqiqə ərzində bilinəcək. İnanıram ki, təmsilçimiz layiqincə mübarizə aparacaq”.
Ləman Sərraf






