Şagirdlər altıncı gün də məktəbə gedəcək? - Ekspert rəyi
Son günlər Azərbaycanda təhsil sahəsində sıxlıq və dərs cədvəllərinin sıx olması məsələsi geniş müzakirə olunur. Valideynlər və ekspertlər, xüsusilə siniflərdə şagird sayının çoxluğu və məktəb avtobuslarının doluluğu səbəbindən əlavə tədbirlərin görülməsini təklif edirlər. Bu kontekstdə məktəblərin həftənin 6-cı günü də fəaliyyət göstərməsi ideyası gündəmə gəlib.
Bəs, məktəblərin həftənin 6-cı günündə açılması nə dərəcədə realdır?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunda baş metodisti Pərvinə Qədimova Patrulaz.az-a açıqlamasında bildirib ki, 6 günlük dərs həftəsinin salınması iki növbəli məktəblərdə dərs saatlarını balanslaşdıra bilər:
“Ümumtəhsil müəssisələrinin müəyyən hissəsində dərslər iki növbə ilə keçirilir. Xüsusilə iri şəhərlərdə, o cümlədən Bakıda siniflərdə şagird sayı 30 nəfəri keçən hallar az deyil. Bu isə həm fənlərin effektiv tədrisinə, həm də şagirdlərin fərdi yanaşma ilə inkişafına təsir göstərə bilər.
Sıxlıq səbəbindən bir çox məktəblərdə:
• İdman və laboratoriya dərsləri tam formada keçirilə bilmir;
• Müəllimlər eyni fənni gün ərzində çox sayda sinifdə tədris etməyə məcbur qalır;
• İkinci növbədə oxuyan şagirdlər dərsdən gec çıxır, istirahət və əlavə məşğələlər üçün vaxt az olur.
Belə şəraitdə tədrisin keyfiyyətinin artırılması üçün yeni struktur və təşkilati yanaşmalar labüddür.
Altıncı gün dərs gününün əlavə edilməsi təklifinin əsas məqsədi şagird axınının bərabər paylanmasıdır. Əgər həftə beş gün əvəzinə altı gün dərs keçirilərsə, siniflərin və dərs cədvəllərinin bölgüsü daha çevik təşkil oluna bilər. Bu, xüsusilə iki növbəli məktəblərdə dərs saatlarının balanslaşdırılmasına imkan yaradar. Qeyd edim ki, hazırda da ölkədə 6 günlük tədris rejimində işləyən məktəblər var.
Dünyanın bir çox ölkəsində – məsələn, Yaponiya, Cənubi Koreya, Sinqapur kimi təhsil göstəriciləri yüksək olan ölkələrdə məktəblər uzun illərdir altı günlük iş rejimində fəaliyyət göstərən məktəblər mövcuddur. Lakin bu ölkələrdə şənbə günləri adətən qısaldılmış, yaradıcılıq yönümlü və ictimai fəaliyyətlərlə zəngin olur”.
P. Qədimova altıncı gün də dərs salınmasının yaratdığı sosial məsələləri də sadalayıb:
“Altıncı gün sisteminə keçid bir sıra praktik və sosial sualları gündəmə gətirir:
1. Şagirdlərin istirahət balansı. Həftə sonu uşaqların psixoloji istirahəti, ailə ilə vaxt keçirməsi və əlavə kurslara qatılması üçün vacibdir. Altıncı gün dərsi bu balansı poza bilər.
2. Texniki və infrastruktur məsələləri. Bəzi məktəblərdə şənbə günü təmizlik, texniki xidmət və digər inzibati işlər üçün ayrılır. Bu, yeni cədvələ uyğun yenidən təşkil edilməlidir.
3. Valideyn amili. Valideynlərin bir qismi şənbə gününü ailəvi istirahət, uşaq fəaliyyətləri, müxtəlif dərnəklərdə iştirak və s. üçün ayırır. Onların da bu dəyişikliklə bağlı fikirləri nəzərə alınmalıdır.
Altıncı gün ideyası bir həll variantıdır, amma yeganə çıxış yolu deyil. Alternativ yanaşmalara bunlar daxil ola bilər:
• Yeni məktəblərin və modul tipli binaların inşası;
• İkinci növbəli məktəblərin sayının tədricən azaldılması;
• Rəqəmsal və distant dərs modellərinin tətbiqi;
• Şagird axınının region və məhəllə prinsipi üzrə daha balanslı bölgüsü.
Altıncı gün dərs ideyası təhsil sistemində struktur dəyişiklik üçün düşünülməyə dəyər addımdır. Lakin bu qərar tələsik və yalnız sıxlıq problemini aradan qaldırmaq məqsədilə qəbul olunmamalıdır. Məsələ pedaqoji, sosial və iqtisadi baxımdan kompleks qiymətləndirilməli, müəllimlər, valideynlər və ekspertlərin iştirakı ilə geniş ictimai müzakirədən sonra qərar verilməlidir”.
Cəmilə Cəfərzadə






