media-inshot_20251218_111152500

Elm və təhsil naziri Emin Əmrullayev məktəbli çantalarının ağırlıq probleminə toxunub. Nazir dərs vəsaitlərindən kənar əşyaların çantaya qoyulduğunu bildirib.

Çantanın ağırlıq probleminin necə aradan qaldırmaq olar?

Mövzu ilə bağlı fikirlərini öyrənmək üçün Patrul.az təhsil eksperti Elmin Nuriyə müraciət edib.

O bildirib ki, məktəbli çantasının ağırlığı uşaqlar, xüsusilə də onların fiziki inkişafı baxımından ciddi məsələdir:

“Amma mən bu problemi elə də çözülməz və bəzən təqdim edildiyi qədər qabardılmalı məsələ kimi görmürəm. Çünki bu problemin səbəbləri məlumdur və əslində, düzgün yanaşma ilə onu sistemli şəkildə həll etmək mümkündür.

Elm və təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, məktəbli çantalarının ağır olması bir neçə amillə bağlıdır və bu, kompleks yanaşma tələb edir. Birinci səbəb ondan ibarətdir ki, şagird çantalarına rəsmi dərsliklərlə yanaşı əlavə vəsaitlər — test kitabları, iş dəftərləri və müxtəlif hazırlıq materialları daxil edilir. Bu vəsaitlər, əksər hallarda, müəllim və valideyn təşəbbüsü ilə təmin olunur və prosesə nəzarət zəifdir”.

media-inshot_20251218_110726747

Ekspertin sözlərinə görə, ikinci məsələ çantanın öz çəkisidir:

“Onun hansı materialdan hazırlanması, kitabların kağız qalınlığı və ümumi çəkisi də nəzərə alınmalıdır. Ola bilər ki, bu detallı məsələlər kimi görünsün, lakin dünya təcrübəsində bu indikatorlara xüsusi diqqət yetirilir. Məsələn, bir çox ölkələrdə məktəbli çantasının çəkisi şagirdin çəkisinin 10%-indən çox olmamalıdır. Yəni 45 kq-lıq bir uşaq üçün çanta 4,5 kq-dan artıq olmamalıdır və bu da maksimum hədd sayılır. Hətta bəzi ölkələr bu limiti 6–8% arası müəyyən edirlər.

Burada diqqət yetirilməli əsas məsələlərdən biri də dərsliklərin və əlavə materialların çəkisinin normativləşdirilməsidir. Əlavə testlər, iş dəftərləri, yarpaq testləri və digər vəsaitlər çantalara daxil edilməməlidir. Buna həm müəllim, həm də valideyn ciddi nəzarət etməlidir. Təəssüf ki, bu gün bir çox əlavə vəsaitlər kommersiya məqsədilə, yəni sadəcə satış üçün hazırlanır və valideynlərə psixoloji təzyiq yolu ilə “məcburi” kimi təqdim edilir”.

E.Nuri qeyd edib ki, valideynlərin “WhatsApp” qrupları bu prosesdə ən təsirli mexanizmlərdən birinə çevrilib:

“Bir neçə valideyn əlavə vəsaiti aldıqdan sonra qrupda psixoloji atmosfer formalaşdırılır ki, digərləri də almağa məcbur olur. Beləliklə, uşaqların çantası yüklənir, özü də bəzən lazımsız materiallarla.

Ən vacib məsələ isə odur ki, çantanın ağırlığı əslində dərs yükünün göstəricisidir. Yəni biz çantaya su, yemək qoymuruq — içində dərs vəsaitləri var. Bu baxımdan, əgər çanta ağırdırsa, bu, dərs yükünün həddən artıq olması ilə bağlı ola bilər. Amma mənim müşahidəmə görə, Azərbaycan məktəblərində dərs yükü, əslində, xarici ölkələrlə müqayisədə o qədər də ağır deyil”.

“Bəziləri bu fikrə qarşı çıxsa da, mən özüm də təhsillə yaxından bağlı bir insan və iqtisadiyyat sinfində oxuyan övladı olan valideyn kimi bunu deyirəm. Mövcud proqramlar, dərs saatları və ümumilikdə tədris yükləri ciddi dərəcədə şişirdilmiş deyil. Sadəcə olaraq, bəzi məsələlərdə emosional və populist yanaşma meyli müşahidə olunur.

Əgər bu problemin həllini istəyiriksə, ilk növbədə normativlərə riayət edilməli, əlavə materialların istifadəsinə nəzarət gücləndirilməli, valideyn-məktəb-müəllim üçbucağında daha sağlam əlaqə qurulmalı və təhsil sahəsində konversiya məqsədi ilə aparılan yükləmələr dayandırılmalıdır. Ancaq bu yolla şagirdlərin həm fiziki sağlamlığını, həm də təhsil keyfiyyətini qorumaq mümkündür”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər