Şagirdlərin imtahan suallarına necə nəzarət olunmalıdır? - EKSPERT DANIŞDI
3-cü sinif şagirdlərinə verilən KSQ (Kiçik Summativ Qiymətləndirmə) imtahanındakı dərs vəsaitindən yayılan sual ciddi müzakirələrə səbəb olub. Sualda “Atam həyətdə …….. doğrayır” cümləsi təqdim edilib və tapşırııq olaraq nöqtələrin yerinə cavab variantları kimi “odun” və “adam” ifadələri göstərilib.
Bununla bağlı valideynlər tərəfindən sosial şəbəkələrdə yayılan foto sərt şəkildə tənqid edilib.
Mövzu barədə fikirlərini öyrənmək üçün Patrul.az olaraq təhsil eksperti Kamran Əsədova müraciət etdik.
O ilk növbədə qeyd edib ki, məktəbdaxili qiymətləndirmə sistemində əsas problem müəllimlərin hazırladığı KSQ və BSQ-lərin vahid metodoloji çərçivə olmadan tətbiq edilməsidir:
“Bu yanaşma nəticəsində sualların məzmununda kurikuluma uyğunluq pozulur, terminoloji çaşqınlıq yaranır və qiymətləndirmə prosesində obyektivlik ciddi şəkildə zədələnir. “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində qiymətləndirmənin dövlət təhsil standartlarına uyğun təşkil edilməsinin tələb edilməsi bu sahədə normativ tələbin olduğunu göstərir, lakin praktikada bu tələbin tətbiqi natamamdır. Şagirdlərə təqdim edilən bir çox KSQ və BSQ-lərdə proqramdankənar terminlər, yaş psixologiyasına uyğun olmayan sual formaları və müəllimin yoxlamadan paylaşdığı materiallar təhsil prosesində xaosa səbəb olur”.
Ekspertin sözlərinə görə, statistik məlumatlar da sistemin parçalanmış vəziyyətini göstərir:
“Hal-hazırda ölkə üzrə 4 mindən çox ümumtəhsil məktəbində hər müəllimin öz sualını hazırlaması nəticəsində ildə yüz minlərlə müxtəlif KSQ və BSQ forması meydana çıxır. Bu qədər müxtəliflik qiymətləndirmə nəticələrinin regionlar üzrə müqayisəsini mümkünsüz edir. OECD ölkələrində vəziyyət tam fərqlidir – məsələn, Estoniyada şagird qiymətləndirməsinin 82%-i vahid sual bankı əsasında aparılır, Sinqapurda bütün məktəblər e-Qiymətləndirmə platformasından istifadə edir, Türkiyədə MEB-in “Ölçme ve Değerlendirme Merkezi” vasitəsilə hər fənn üçün vahid sual sistemi tətbiq olunur. Azərbaycan təhsilində də nazirliyin qiymətləndirmə standartlarını yeniləməsi, diaqnostik qiymətləndirməni vahidləşdirməsi və rəqəmsal alətləri genişləndirməsi bu istiqamətdə ciddi müsbət addımlar kimi dəyərləndirilir.
Müstəqil müəlliflərin hazırladığı vəsaitlərin vəziyyəti isə daha ciddi narahatlıq yaradır. Bir çox vəsaitlərdə etik baxımdan yolverilməz ifadələrə, şagird psixologiyasına zidd nümunələrə, hətta fənlə əlaqəsi olmayan motivasiya cümlələrinə rast gəlinir. Bu vəsaitlərdə kurikulum xətti, yaş xüsusiyyəti, təlim məqsədləri nəzərə alınmır, suallar daha çox abituriyent hazırlığına hesablanır. Psixoloji araşdırmalar göstərir ki, 10–14 yaş arası şagirdlərdə həddindən artıq mürəkkəb, konseptual yükü ağır olan suallar təlim motivasiyasını 26%-ə qədər azalda bilər. Bu faktın nəzərə alınmaması müəlliflərin pedaqoji məsuliyyətsizliyinin nəticəsidir. Vəsaitlərdəki nalayiq ifadələr isə “Təhsildə etik davranış kodeksi”nin 4.1-ci maddəsində qeyd olunan “şagirdin şəxsiyyətinə hörmət prinsipi”nin pozulmasına səbəb olur”.
K. Əsədov əlavə edib ki, Elm və Təhsil Nazirliyinin bu problemləri açıq şəkildə vurğulaması, qiymətləndirmədə vahidləşməni prioritet elan etməsi və yeni elektron sual bankı üzərində işləməsi islahat istiqamətində müsbət və rasional addımlardır:
“Vahid KSQ və BSQ bankının nazirlik tərəfindən hazırlanması şagirdlərin biliklərini obyektiv ölçmək, proqramdankənar sualların qarşısını almaq, məktəblərarası müqayisəni mümkün etmək və müəllimlər üçün metodik yükü azaltmaq baxımından real transformasiya yaradacaq. Bu sistem tətbiq olunduqda müəllimlərin özbaşına sual tərtib etməsi aradan qalxacaq, şagird isə yalnız kurikuluma uyğun, yaş xüsusiyyətinə əsaslanan, psixometrik göstəricilərlə ölçülmüş suallar ilə qiymətləndiriləcək.
Hesab edirəm ki, qiymətləndirmədə standartlaşma həm tədrisin keyfiyyətini artırır, həm də təhsildə ədalətliliyi təmin edir. Azərbaycanın bu istiqamətdə Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə atdığı addımlar düzgün yanaşmadır və sistemin sağlamlaşmasına xidmət edir. Nəticə olaraq, müstəqil vəsaitlərin zərərli təsiri, müəllif məsuliyyətsizliyi və məktəblərdə qeyri-vahid qiymətləndirmə praktikasından uzaqlaşaraq, mərkəzləşdirilmiş və elmi əsaslı modelə keçid təhsilin keyfiyyətini yüksəldəcək və şagirdin inkişafını daha obyektiv ölçməyə imkan verəcək”.
Ləman Sərraf






