media-inshot_20251217_081946490

Son illər uşaqların məktəbə mobil telefon gətirməsi geniş müzakirə olunan məsələlərdən birinə çevrilib. Bir tərəfdən valideynlər övladları ilə əlaqədə qalmağı vacib sayır, digər tərəfdən isə telefonların dərs prosesinə diqqəti yayındırdığı, intizam problemləri yaratdığı bildirilir. Bəzi məktəblərdə mobil telefonlara məhdudiyyət tətbiq olunsa da, bu qaydaların nə dərəcədə düzgün və effektiv olduğu ilə bağlı fikirlər müxtəlifdir.Uşaqların məktəbə telefon gətirməsi nə dərəcədə doğrudur və bu məsələdə qadağa yoxsa müəyyən qaydalarla icazə verilməsi daha məqsədəuyğundur?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, şagirdlər telefon gətirməməlidir, zəruri halda isə cihaz dərs vaxtı məktəb tərəfindən saxlanılır:

“Müasir texnologiyalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, təhsil mühitində onların yeri və istifadə qaydaları hələ də ciddi müzakirə mövzusudur. Valideynlər övladları ilə daimi əlaqədə olmaq istəsələr də, pedaqoji nöqteyi-nəzərdən dərslərdə diqqətin yayınması və nizam-intizamın qorunması daha vacib amil kimi çıxış edir. Bu baxımdan, məktəbə telefon gətirilməsi məsələsinə sadəcə bir “qadağa” kimi deyil, tədris prosesinin keyfiyyətini qoruyan sistemli bir yanaşma kimi baxmaq lazımdır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” sənədi bu məsələdə həm valideyn, həm də məktəb rəhbərliyi üçün aydın bir yol xəritəsi cızır. Qaydaların 5.4-cü bəndində birmənalı şəkildə qeyd olunur ki, şagirdlər ağıllı saat, telefon və digər elektron cihazları məktəbə gətirməməli və xüsusən də dərs zamanı onlardan istifadə etməməlidirlər. Lakin burada reallıq da nəzərə alınıb: Əgər valideyn övladının məktəbə gəlib-getməsi zamanı təhlükəsizliyi üçün onunla əlaqə saxlamaq zərurəti duyursa, övladına telefon verə bilər. Bu halda məktəb həmin cihazların dərs gününün sonuna qədər təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməli, dərs müddətində isə cihazları şagirdə verməməlidir. Beləliklə, həm valideynin narahatlığı aradan qalxır, həm də tədrisin keyfiyyəti qorunur. Eyni zamanda müəllimin şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırdığı hal da nəzərə alınmışdır. Bu zaman fəaliyyət haqqında müəllim tərəfindən ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil olunmalıdır”.

media-img-20251105-wa0028

P. Qədimova məktəblərdə telefon qadağasının tədrisə və sosial ünsiyyətə müsbət təsir göstərdiyini vurğulayıb:

“Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, bu yanaşma qlobal təhsil standartları ilə tam səsləşir. Məsələn, Fransa 2018-ci ildən etibarən orta məktəblərdə smartfon istifadəsini tamamilə qadağan edərək uşaqların tənəffüs zamanı belə bir-biri ilə canlı ünsiyyət qurmasına nail olmuşdur. Böyük Britaniya və Çin kimi ölkələrdə də bənzər qaydalar tətbiq edilir. Burada əsas hədəf kiber-bullinqin (rəqəmsal zorakılığın) qarşısını almaq, şagirdlər arasındakı maddi bərabərsizliyi nümayiş etdirən “model yarışına” son qoymaq və ən əsası, diqqət dağınıqlığını minimuma endirməkdir. Tədqiqatlar sübut edir ki, telefonun dərs prosesindən uzaqlaşdırılması akademik göstəricilərin artmasına və şagirdlərin sosial bacarıqlarının inkişafına birbaşa müsbət təsir göstərir”.

Ekspertin sözlərinə görə, telefon istifadəsinə qoyulan məhdudiyyətlər uşaqların azadlığını deyil, onların daha sağlam və təhlükəsiz təhsil mühitini təmin edir:

“Nəticə etibarilə, məktəbdə telefon istifadəsinə qoyulan məhdudiyyətlər uşaqların azadlığını məhdudlaşdırmaq deyil, onların daha sağlam və səmərəli təhsil mühitində formalaşmasına xidmət edir. Müəllimin xüsusi dərs planı çərçivəsində rəqəmsal cihazlardan istifadəni nəzərdə tutduğu hallar istisna olmaqla, telefonun məktəb çantasında və ya dolabında saxlanılması şagirdin gələcəyi üçün atılan ən doğru addımlardan biridir. Bu qaydalara riayət olunması müəllim, şagird və valideyn arasında qarşılıqlı etimadı gücləndirərək, məktəbi hər kəs üçün daha təhlükəsiz bir məkana çevirir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər