media-img_3334

Bu gün Saray qəsəbəsində baş verən və ictimaiyyətin narazılığına səbəb olan hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Patrul.az-a rəsmi məlumat verib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Patrul.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan və Abşeron rayonunun Saray qəsəbəsində avtobus sürücüsünün ictimai qaydanı kobud şəkildə pozduğunu əks etdirən görüntülər polis tərəfindən araşdırılır. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən dərhal tədbirlərə başlanılıb və görüntülərdəki sürücünün şəxsiyyəti müəyyən edilir.

Cəsarət Qənbərli qeyd edib ki, sürücünün məsuliyyətə cəlb olunması istiqamətində zəruri prosedurlar həyata keçirilir. “Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcək,” deyə o bildirib.

Qeyd edək ki, hadisə zamanı marşrut avtobusunun sürücüsü yol-tikinti sahəsində çalışan nəzarətçi işçinin həyatını təhlükəyə ataraq qadağan olunmuş əraziyə daxil olmuşdu. Sosial şəbəkələrdə geniş yayılan görüntülər ictimai qınaqla qarşılanıb.


Bənzər xəbərlər