media-img-20251217-wa0082

Son illər paytaxt və region yollarında sarı kəsişmə torlarının tətbiqi sürücülər arasında müxtəlif müzakirələrə səbəb olur. Xüsusilə yol kəsişmələrində çəkilən bu sarı xətlər tıxacların qarşısını almaq, nəqliyyat axınının fasiləsizliyini təmin etmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır. Lakin bəzi sürücülər bu nişanlamaların əsas məqsədinin tıxacları azaltmaqdan daha çox cərimələrin sayını artırmaq olduğunu düşünür.

Bəs yollarda tətbiq olunan sarı kəsişmə torları həqiqətən nəqliyyat sıxlığını azaltmağa xidmət edir, yoxsa daha çox cərimələmə məqsədi daşıyır?

Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev Patrul.az-a açıqlamasında bildirib ki, sarı xətlər sürücünü təhlükəli zonada daha diqqətli olmağa və cərimədən qaçmağa vadar edən əlavə xəbərdaredici nişanlardır:

media-img-20251217-wa0083

“Yol kəsişmələrindəki sarı xətlər əlavə məlumatverici xarakter daşıyır. Onsuz da həmin kəsişmədə avtomobil dayanarsa, sürücünü 100 bal cərimə gözləyir. Lakin xəttin orada olması sürücüdə bir daha məsuliyyət hissi yaradır ki, o, təhlükəli bir zonadadır. Sarı rəngdə olmasının da üstünlüyü var: sarı rəng diqqəti tez cəlb edir və sürücü həmin kəsişmədə sarı xəttin üzərində dayandıqda narahat olur ki, əgər önündəki avtomobil hərəkət etməsə və özü də qalarsa, cərimə tətbiq edilə bilər. Eyni zamanda, bu vəziyyət qarşıdan və yandan gələn avtomobillərin yolunu kəsə bilər”.

Ekspertin sözlərinə görə, sarı xəttin əsas məqsədi sürücünü xəbərdar etməkdir:

“Burada əsas məqsəd sürücünü daha da xəbərdar etməkdir ki, o, həmin yerdə qayda pozuntusu edir. Yoxsa sarı xəttin ayrıca, özbaşına bir funksiyası və ya ayrıca cəriməsi yoxdur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər