media-inshot_20251208_211707948

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə “Telegram” vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.

Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.

Bu hansı risklərə yol aça bilər? İnsanlar saxta halları necə ayırd edə bilər?

Bu barədə Patrul.az mütəxəssislərin fikirlərini öyrənib.

İT mütəxəssisi Elvin Abbasov bildirib ki, son günlər “Telegram” (“Temu 1106”) kimi platformalarda müşahidə edilən “asan işlə yüksək qazanc” tipli saxta təkliflər əslində klassik “phishing” və “social engineering” mexanizmlərinin yeni formasıdır və ciddi risklər yaradır:

media-inshot_20251208_210927644

“Əsas risk yalnız maliyyə itkisi deyil, həm də şəxsi məlumatların, bank kartı detallarının və hətta identifikasiya sənədlərinin dələduzların əlinə keçməsidir. Bu cür sxemlər vətəndaşları xüsusi linklərə keçid etməyə tələb edir. Həmin keçidlər vasitəsilə istifadəçinin telefonuna zərərli proqramlar quraşdırıla, onların “Google Authenticator” kodları və bank tətbiqləri üzərində tam nəzarət əldə oluna bilər. Şəxsiyyət sənədlərinin, foto və video təsdiqlərinin tələb olunması isə gələcəkdə qurbanın adından kredit rəsmiləşdirilməsi kimi daha ciddi dələduzluq mexanizmləri üçün real risk yaradır”.

Mütəxəssis qeyd edib ki, insanların bu cür halları erkən ayırd etməsi üçün əsas meyar təklifin həddindən artıq “asan” və “qazancı yüksək” olmasıdır:

“Rəsmi şirkətlər heç vaxt iş təklifini ani mesajlaşma kanalları ilə göndərmir və şəxsi məlumat, kart fotosu, SMS kodu tələb etmir. Ən doğru yanaşma rəsmən qeydiyyatdan keçmiş şirkətlərin saytları və dövlət tərəfindən təsdiqlənmiş iş platformaları üzərindən müraciət etməkdir. Bu cür təkliflərlə qarşılaşan şəxslərin linkləri açmaması, məlumat paylaşmaması və kanalı dərhal bloklayıb şikayət etməsi ən effektiv qorunma mexanizmidir. Telegram kanallarının böyük hissəsinin anonim olduğunu və heç bir hüquqi məsuliyyət daşımadığını nəzərə almaq vacibdir”.

Aİ mütəxəssisi Natiq Məmişov isə söyləyib ki, bu cür cəsarətli iş təklifləri, istər fəaliyyət baxımından, istərsə də geniş miqyasda həmişə müəyyən risklər daşıyır:

media-inshot_20251208_211054679

“Məsələn, maliyyə risklərini qeyd etmək olar. Bu risklərə bank məlumatlarının ələ keçirilməsi, elektron pulqabıların, mobil bank sistemlərinin təhlükəsizliyinin pozulması daxildir. Belə hallarda istifadəçinin hesabı boşaldıla, təlim və ya qeydiyyat haqqı adı altında vəsait tələb edilə bilər. Həmçinin şəxsi məlumatların oğurlanması da böyük problemdir. Bu məlumatlara şəxsiyyət vəsiqəsi, telefon nömrəsi, Apple ID və digər məlumatlar daxildir və onların fırıldaq məqsədilə istifadəsi mümkündür.

Digər tərəfdən, sosial şəbəkə hesablarının – məsələn, Telegram, WhatsApp, Instagram – oğurlanması da geniş yayılıb. Bu yolla saxta mesajlar göndərilir, istifadəçinin adından başqaları ilə yazışmalar aparılır. Bu isə həm psixoloji, həm də sosial zərbə kimi qiymətləndirilə bilər. Artıq insanlar mesajları dəqiqləşdirmək məcburiyyətində qalırlar”.

Onun sözlərinə görə, bundan əlavə, şübhəli iş elanları da geniş yayılıb:

“Məsələn, heç bir təcrübə tələb etmədən gündə 50-100-200 manat qazanmaq vədi ilə reklam edilən təkliflər verilir. Bu kanalların profillərinə baxdıqda, nə rəsmi sayt, nə hüquqi ünvan, nə də real məlumatlar göstərilir. Bu da ciddi şübhə doğurur. Məsələn, tanışlıq platformalarında göndərilən saxta linklər vasitəsilə istifadəçilər aldadılır – bilet almaq adı ilə kart məlumatları əldə olunmağa çalışılır. Bu cür hallarda istifadəçi sayta daxil olduqda, görünən ünvan rəsmi saytdan fərqlənir və bu da fırıldaqçılıq əlamətidir.

Eyni zamanda, bəzi “iş” təkliflərində əvvəlcədən ödəniş tələb olunur. Məsələn, qeydiyyat haqqı, depozit, balans yükləməsi və s. adı altında istifadəçidən pul alınır. Bu da açıq-aşkar fırıldaqçılıqdır. Real bir iş yeri heç vaxt işçidən əvvəlcədən pul tələb etməz.

Bu cür halların qarşısını almaq üçün əsas tədbir – ehtiyatlı davranmaqdır. Şübhəli linklərə daxil olmamaq, bank və kart məlumatlarını paylaşmamaq, tanımadığınız şəxslərdən gələn mesajlara və təkliflərə inanmamaq vacibdir. Əsasən də Telegram və digər platformalarda gələn qeyri-rəsmi iş təkliflərinə qarşı diqqətli olmaq lazımdır. Bu, artıq geniş yayılmış təhlükədir və bu istiqamətdə hər kəs məlumatlı və ayıq olmalıdır”.

Ləman Sərraf


Bənzər xəbərlər