Səs-küy salan qonşunu məhkəməyə vermək mümkündür? - HÜQUQİ İZAH
Mənzildə yaranan səs-küy qonşular arasında ən çox narazılıq doğuran məsələlərdən biridir. Gecə saatlarında yüksək səs-küyün qanunla qadağan edildiyini çoxları bilsə də, gündüz saatlarında təmir işləri, uşaq səsi və ya ev heyvanlarının yaratdığı narahatlığın hüquqi məsuliyyət yaradıb-yaratmadığı barədə fərqli fikirlər mövcuddur. Bəs bu hallarda vətəndaşın qonşusunu məhkəməyə verməsi mümkündürmü? Qanun hansı halları hüquq pozuntusu hesab edir və səs-küylə bağlı mübahisələr necə həll olunur?
Patrul.az mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərova müraciət edib.
O bildirib ki, bir çox hallarda insanlar qonşularının onların istirahət etdiyi vaxtlarda, xüsusən səhər və axşam saatlarında səs-küy salaraq istirahət hüquqlarını pozduqlarından şikayət edirlər:
“İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə görə məişət səs-küyünə qarşı mübarizə tələblərinin pozulması 150-200 manat miqdarında cəriməyə səbəb olur. Maddənin məzmununda cərimənin “gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa görə” tətbiq edildiyi öz əksini tapıb. Qonşunun şikayəti əsasında polis orqanları bu cəriməni tətbiq edə bilər”.
Hüquqşünas qeyd edib ki, əgər mübahisə fiziki zorakılıq ilə nəticələnərsə, İnzibati Xətəlar Məcəlləsinin 157-ci maddəsinə görə (“Döymə” maddəsi ilə) 300-500 manat məbləğində cərimə və ya 2 ayadək inzibati həbs tətbiq oluna bilər:
“Əgər sağlamlığa qəsdən ağır, az ağır və ya yüngül zərər vurmaqla törədilibsə, belə mübahisə hətta cinayət məsuliyyətinə səbəb ola bilər.
Mülki Məcəllənin 170-ci maddasində deyilir ki, Maddə 170. Qonşuluq hüququ
170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır”.

F.Əkbərov Mülki Məcəllənin 171-ci maddəsinə əsasən qonşunun təsirinə dözmək vəzifəsini müəyyən etdiyini əlavə edib:
“Burada deyilir ki, daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən nəinki səs-küyün, hətta titrəyişlərin, qazın, buxarın, qoxunun, hisin, tüstünün, istiliyin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Yəni qonşu evdə qeyd edilən məqamlar digər evdəki yaşayışa çox da böyük təsir etmirsə, ona qadağa qoymaq olmaz.
Bu cür xoşagəlməz hallarla üzləşən vətəndaş ilk növbədə məhkəməyə müraciət etməlidir.
Vətəndaşlar pozulmuş hüquqularını bərpa etmək üçün məhkəməyə müraciət etməlidirlər. Mülki Prosessual Məcəllənin 4-cü maddəsi onlara belə imkanı verir”.
Ləman Sərraf






