Səudiyyə Ərəbistanda robotun köməkliyi ilə ürək əməliyyatı edilib
Səudiyyə Ərəbistandakı Kral Faysal Mütəxəssis Xəstəxanası və Araşdırma Mərkəzi (KFSHRC) robotun köməkliyi ilə texnologiyadan istifadə edərək süni ürək pompası implantasiyasını uğurla həyata keçirdiyini açıqladı.
“Ptarulaz” xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanadan verilən açıqlamada cərrahiyyə əməliyyatının 35 yaşlı ürək çatışmazlığı, böyrək və ağciyərində ağırlaşmaları olan xəstə üzərində aparıldığı bildirilib. Əməliyyatda ABŞ-ın sağlamlıq texnologiyaları şirkəti Abbott tərəfindən hazırlanmış “HeartMate 3” süni ürək pompasından istifadə edilib.
Ürək çatışmazlığı olan xəstələrə dəstək vermək üçün nəzərdə tutulmuş “HeartMate 3” cihazı robot köməyi ilə cərrahi travmanı azaltmaqla sağalma prosesini sürətləndirir.
Əməliyyat KFSHRC Ürək Cərrahiyyəsi Departamentinin rəhbəri və Robotik Minimal İnvaziv Cərrahiyyə Proqramının direktoru tərəfindən həyata keçirilib. Əməliyyatdan sonra cəmi 4 gün reanimasiyada qalan xəstənin 10 gün ərzində evə buraxılmasının planlaşdırıldığı bildirilib.