Şəxsi əşyasını çatdırılmaya verənlərin NƏZƏRİNƏ: Bu detalları unutmayın!
Əvvəllər əsasən yemək və müxtəlif məhsulların sifarişi üçün istifadə olunan çatdırılma xidməti artıq daha geniş funksionallıq qazanaraq şəxsi əşyaların bir ünvandan digərinə operativ şəkildə çatdırılması üçün də geniş tətbiq olunur.
Lakin xidmətlərin əhatə dairəsinin genişlənməsi ilə paralel olaraq müəyyən risklər də ortaya çıxır.
Sürücüyə çatdırılma üçün etibar edilmiş əşyanın onun tərəfindən mənimsənilməsi halı qanunvericilikdə necə tənzimlənir?
Qeyd olunan məsələ ilə bağlı Patrul.az-a danışan 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov xatırladıb ki, bu barədə hüquqi mövqe internet informasiya ehtiyatlarında yayımlanmış materiallarda da öz əksini tapıb:
“Həmin paylaşımlarda çatdırılma xidməti zamanı sürücüyə və ya kuryerə etibar edilmiş əşyanın təyinat yerinə çatdırılmaması, qaytarılmaması və ya şəxsi məqsədlərlə mənimsənilməsi hallarının qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaratdığı göstərilmişdir.
Belə ki, çatdırılma xidməti vasitəsilə bir şəxsin digər şəxsə əşya göndərməsi zamanı həmin əşya müvəqqəti olaraq sürücüyə və ya kuryerə etibar edilir. Əgər sürücü ona təhvil verilmiş əşyanı təyinat yerinə çatdırmayaraq özündə saxlayır, qaytarmır və ya şəxsi məqsədləri üçün istifadə edirsə, bu halda onun əməli Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaradır. Belə hallarda məsuliyyətin növü əmlakın dəyərindən və hadisənin konkret hallarından asılı olaraq inzibati və ya cinayət məsuliyyəti kimi qiymətləndirilir”.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati xəta hesab olunur:
“Həmin maddəyə görə bu əmələ görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlər kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Əgər mənimsənilmiş əşyanın dəyəri 500 manatadəkdirsə, əməl xırda talama kimi qiymətləndirilərək İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaradır.
Lakin əmlakın dəyəri 500 manatdan artıq olduqda, artıq əməl cinayət tərkibi yaradır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə – mənimsəmə və ya israf etmə kimi tövsif olunur. Həmin maddənin 179.1-ci hissəsinə əsasən, təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Həmsöhbətimiz əlavə edib ki, əgər bu əməl təkrar törədilərsə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, mütəçəkkil dəstə tərəfindən edilərsə, qulluq mövqeyindən istifadə olunmaqla baş verərsə və ya xeyli miqdarda, külli miqdarda ziyan vurularsa daha ağır cəza növləri nəzərdə tutulur:
“Beləliklə, çatdırılma xidmətinin sürücüsünə etibar edilmiş əşyanın onun tərəfindən mənimsənilməsi birbaşa hüquq pozuntusudur. Buna görə də zərərçəkmiş şəxs belə hallarda hüquq-mühafizə orqanına müraciət etməli, sifariş məlumatlarını, yazışmaları, ödəniş qəbzlərini və əşyanın dəyərini təsdiq edən sübutları təqdim etməlidir”.
Ləman Sərraf






